Qazeta.info Təhsil Nazirliyinə istinadən bildirir ki, Təhsil Nazirliyinin şəbəkə əsaslı təhsilin coğrafiyası daha da genişlənəcək .Müxtəlif növ elektron təhsil resurslarının hazırlanması istiqamətində müvafiq layihələrin həyata keçirilməsinə başlanıb.
Elektron resursların böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək ənənəvi öyrənmə formalarını zənginləşdirilməsi ilə yanaşı qeyd olunan resursları bir mənbədə cəmləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu tipli təhsil resurslarına çıxış əldə edə bilər.
Daha sonra Təhsil Nazirliyinin ötən ildən dərsliklər üzərində müəlliflik hüququnu əldə etməsi elektron resursların yaradıb. Bu həm də, imkan verəcək ki, dərslikləri tam açıq şəkildə internetə yerləşdirək və hər bir istifadəçiyə pulsuz olaraq təqdim olunsun.
Böyük istifadəçi kütləsini əhatə edən www.e-derslik.edu.az portalında II, III, VI və VII siniflər üzrə dərsliklər yerləşdirilib. Bu günə qədər 25 000-dən artıq istifadəçi portalda qeydiyyatdan keçərək elektron dərsliklərdə istifadə edir. Elektron dərsliklər hər şagirdə təhsil prosesində fəal iştirak etməyə, onların öyrənmə prosesini fərdiləşdirməyə şərait yaradır. Elektron dərslikləri kompüter, planşet və ya mobil telefon üzərindən onlayn və Oflayn formatlarda istifadə etmək mümkündür. Bu resurslar dərslərdə müəllimlər tərəfindən də istifadə oluna bilər.
Məlumata görə, digər bir elektron resurs www.e-test.edu.az müsabiqə portalı olub. Bu portal riyaziyyat və oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək istəyən, həmyaşıdları ilə bilik yarışması keçirmək arzusunda olan məktəblilər üçün böyük maraq doğurub. Portalda riyaziyyat və Azərbaycan dili fənlər üzrə IV, V, VI, VII, VIII və IX siniflər əhatə edən 30 000-ə yaxın sual yerləşdirilib.
Növbəti elektron resurs www.video.edu.az videodərslərdən ibarətdir. Tədris prosesini daha yaradıcı edən və şagirdlər tərəfindən məlumatın qavranılmasını asanlaşdıran video dərslər fizika, kimya, ədəbiyyat, Azərbaycan dili, həyat bilgisi, biologiya üzrə məktəb proqramını və ibtidai siniflər seçilmiş mövzularını əhatə edir. Portala 100-ə qədər videodərs yüklənib.
Digər bir yeni resurs "Elektron tapşırıqlar" dır. Burada dərsliklərə uyğun tərtib olunmuş interaktiv suallar və test tapşırıqları yerləşdirilib. Elektron tapşırıqlar əsasında onlayn formada şagirdlərin biliklərini qiymətləndirmək, nəticələrin monitorinqi aparmaq və müvafiq reytinqlər hazırlamaq mümkündür.
Təhsil Nazirliyinin mütəxəssisləri tədbir iştirakçılarına "Xarici elektron resurslar" ı da təqdim ediblər. Bildirilib ki, müxtəlif xarici şirkətlərin hazırladığı resurslar Azərbaycan dilinə tərcümə edilib və "Xarici elektron resurslar" da toplanıb. Resurslar fizika, kimya, biologiya və riyaziyyat fənlərini əhatə edir. Hazırda portalda 30 xarici elektron resurs mövcuddur.
Məktəblilərin bilik və bacarıqlarını artıran vasitələrindən biri də məqsədyönlü hazırlanmış elektron oyunlardır. Şagirdlərin fərdi və ya qrup şəklində əyləncəli formada biliklərinin artırılması üçün tarix və coğrafiya fənlər üzrə 50 oyun hazırlanıb. Tarix fənni üzrə hazırlanmış oyunlar Azıx mağarası, daş, tunc, dəmir dövrləri, eləcə də XIV - XVI əsrə aid döyüşləri, Səfəvilər dövləti kimi mövzuları, coğrafiya fənni üzrə hazırlanmış oyunlar Azərbaycan çaylarını, dağları, göllərin və digər mövzuları əhatə edir.
Təhsil Nazirliyinin hazırladığı daha bir elektron resurs - www.e-telim.edu.az müəllimlərin və idarəedicilərin təkmilləşdirilməsi ilə bağlıdır. Portalda peşəkar təlimçilərin iştirakı ilə hazırlanmış video dərslər yerləşdirilib. Dərsləri izləməklə yanaşı, istifadəçilər elektron qaydada müzakirələr aparmaq, fikirlərini bölüşmək, suallar vermək və şərhlər yazmaq imkanı əldə edirlər.
Təhsildə innovativ yanaşmaları genişləndirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən elektron sinif portalı - www.e-sinif.edu.az yaradılıb. Portal hər bir vətəndaşa geniş öyrənmə imkanları verir. Müəllim kimi qeydiyyatdan keçənlər virtual dərslər yaratmaq imkanı əldə edir, ayrı-ayrı video, audio, təqdimat və mətn formatında olan resursları bölüşür, imtahanlar keçirir, öyrənənlərlə müzakirələr aparır və onların biliklərini qiymətləndirirlər. Şagird kimi qeydiyyatdan keçənlər isə müxtəlif elektron siniflərə daxil olmaqla dərslərdə iştirak edir, məhdudiyyətsiz öyrənmə imkanları qazanırlar.