Dağıstanda fəaliyyət göstərən qanunsuz silahlı dəstələrin sıralarına əcnəbi terrorçular axışır.Məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin Şimali Qafqaz Federal Dairədəki səlahiyyətli nümayəndəsi Sergey Məlikov bildirib.
Onun sözlərinə görə, hazırda bölgədə güc strukturlarının işi dəyişildirilib. O bildirib ki, təhlükəsizlik qüvvələrinin əməliyyatları daha çox, dəqiq şəkildə, əhali arasında minimal itkilərlə həyata keçirilir.
"Dağıstandakı qanunsuz silahlı dəstələrin sıraları daim çoxaldığını, həmçinin, xarici ölkələrdən gələn silahlılarla təmin edildiklərini də unutmaq lazım deyil. Yerli hüquq-mühafizə orqanları silahlıların və himayədarlarının axtarışı ilə bağlı əməliyyatları davam etdirirlər.”, - deyə Sergey Məlikov bildirib.
Son məlumatlara görə, Dağıstanın Buynaks, Karabudaxkənd və Kumtorkalinsk rayonlarında antiterror əməliyyatı rejimi elan edilib. Rayonlara Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin göndərildiyi bildirilir. Bu rayonlarda terrorçuların axtarışı aparılır.
Sergey Məlikov - Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi
Bundan əvvəl isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktor müavini, Milli Antiterror Komitəsi aparatının rəhbəri İqor Sirotkin Mahaçqalada olarkən bəyan edib ki, Dağıstanda ötən il keçirilən xüsusi əməliyyatlar zamanı 100-ə yaxın silahlı zərərsizləşdirilib.
İqor Sirotkinin sözlərinə görə, Suriya və İraqda gedən hərbi əməliyyatlarda döyüşmək üçün Dağıstandan 800-ə yaxın adam gedib.
Hələ ötən ilin oktyabrında Bakıda MDB dövlətləri təhlükəsizlik orqanları və xüsusi xidmətləri rəhbərləri Şurasının 39-cu toplantısında MDB ölkələri, o cümlədən Azərbaycan üçün əhəmiyyət daşıyan və sual doğuran bəzi fikirlər səsləndirilib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov İŞİD təhlükəsi ilə bağlı MDB ölkələrinə xüsusi xəbərdarlıq edib.
O bildirib ki, hazırda terror strukturlarının tərkibində dünyanın 100-dən çox ölkəsinin vətəndaşı döyüşür və belə muzdluların payı 40% təşkil edir. FTX rəhbəri onu da qeyd edib ki, "Ərəb baharı” çərçivəsində dünyada və regionda bəzi ölkələrin İŞİD terror təşkilatına verdiyi dəstək nəticəsində bu terror təşkilatının gücü artıb və bu yolla həmin ölkələr öz siyasi niyyətlərinin həyata keçirilmək istiqamətində fəaliyyətlərini gücləndirib.
Toplantıdan sonra MDB xüsusi xidmətlərinin rəhbərlərini Putin qəbul edib. Onun görüş zamanı səsləndirdiyi "dünyada heç bir dövlət təkbaşına terrorizmə qarşı səmərəli mübarizə apara bilməz” kimi fikirləri İŞİD-ə qarşı birgə mübarizənin anonslarından biri kimi qəbul olunur.
Rusiyanın apardığı siyasətin coğrafi arealına daxil olan ölkələrdən biri Azərbaycandır. Şimal qonşumuz daim ölkəmizi özünə müttəfiq görür, dostluq əlaqələrini saxlamağa çalışır. Bu da gələcəkdə hansısa bir planda Azərbaycanın da iştirakının olması məqsədini daşıyır./anspress/