Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
Qazeta.info “Azəryolservis” ASC-yə istinadla bildirir ki, bu gün 12:00-dan saat 17:00-dək A.Nobel prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Bunadan başqa bildirək ki, “Azəryolservis” ASC tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Yasamal rayonu Akademik Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi ilə kəsişməsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hətəkəti tam məhdudlaşdırılıb. Yola yeni asfalt-beton örtüyünün çəkilişi işləri həyata keçirilir. Ümumilikdə 30 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənəcək.
Artıq yol boyu 3 min paqon-metr səki daşı düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub. Qeyd edək ki, yolun ümumi uzunluğu 1700 metr, eni isə 18 metrdir.
Təmir işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır. Sürücülərə alternativ olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.