Uzun illərdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Nizami rayonu Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi və Babək prospektləri arasında yerləşən hissəsində aparılan təmir-tikinti işləri yekunlaşmaq üzrədir.
Təmir işlərinin aparıldığı ərzinin uzunluğu 1450 metr, küçənin ortalama eni isə 20 metrdir.
Qazeta.info “Azəryolservis” ASC -yə istinadla bildirir ki, sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin olmaması yolda müəyyən problemlərə gətirib çıxarırdı. Həm yolun asflat-beton örtüyü tez sıradan çıxırdı, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı. Bütün bunları nəzərə alan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən küçədə 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulub. Zəruri olan yerlərdə yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bununla da Mikayıl Əliyev küçəsində səth suları problemi köklü şəkildə aradan qaldırılıb.
Piyadaların da rahatlığını düşünən cəmiyyət təmir etdiyi küçələrdə səkilərin olmasına xüsusi olaraq diqqət yetirir. Mikayıl Əliyev küçəsində də vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkilərinin olmaması problemi həll edilib. Belə ki, təmir işləri çərçivəsində zəruri olan yerlərdə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Səkilərin kənarlarına 3 min paqon metrə yaxın səki daşları düzülüb.
Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örüyü yenisi ilə əvəzlənir. Bunun üçün köhnə asfalt örtüyü qaşınaraq, ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağı bərkidilib. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır və bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə sözügedən ərazinin 2 qat olmaqla 30 min kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənir.
Şəxsən Nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında, “Azəryolservis” ASC tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində Mikayıl Əliyev küçəsinin müəyyən hissələrində genişləndirmə işləri də aparılır. Genişləndirmə küçənin Babək prospektinə çıxan hissəsində, təqribən 150 metrlik bir ərazisində görülür. Həmin istiqamətdə yol təqribən 3-4 metr genişlənməklə, bu addım nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərəcək.
Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində cəmiyyət tərəfindən yol boyu işıqlandırma sistemi də qurulur. Bundan başqa nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılır, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılır.
Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti çətinliyə görə, üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.