Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Məlumata görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Rauf Hüseynovun idarə etdiyi “KamAZ” markalı yanacaq daşıyan maşın hərəkətdə olarkən qəfildən qarşısına piyada çıxıb.
Şəxsiyyəti hələ məlum olmayan piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Qəza yerüstü piyada keçidinin altında baş verib. Piyada yolu keçiddən deyil, hərəkət sürətinin 80 km/saat olan prospektin hərəkət hissəsindən keçib. O, yolu keçərkən telefon qulaqlığından da istifadə edirmiş.
Hadisə yerində Nərimanov Rayon Polis idarəsinin əməkdaşları olublar. Müayinələr aparılıb, ölçülər götürülüb. Sürücünün ifadəsi alınıb.
Faktla bağlı cinayət işi başlanıb. Qəza zamanı dünyasını dəyişən piyadanın kimliyi müəyyənləşdirilir./apa/