Suriya müxalifəti rəsmi Dəməşqlə aparılacaq danışıqlar üçün ölkənin sabiq baş naziri Riyad Hicabı əlaqələndirici seçib.
"Reuters"ə istinadən verilən məlumata görə, Riyad Hicab müxalifətin Səudiyyə Ərəbistanında keçirilmiş görüşündə əlaqələndirici seçilib. Onun namizədliyini Müxalifət Şurasının 34 üzvündən 24-ü dəstəkləyib.
Qeyd edək ki, Riyad Hicab 2012-ci ilin iyunundan avqustunadək Suriyanın baş naziri vəzifəsində çalışıb. Bundan əvvəl isə o, ölkənin kənd təsərrüfatı naziri postunda çalışıb. Riyad Hicab 2012-ci ilin avqustunda ailəsi ilə birlikdə İordaniyaya qaçaraq müxalifətə qoşulub.
Qeyd edək ki, Vyanada noyabrın 14-də Suriyaya dair keçirilmiş beynəlxalq görüşdə müxalifət-hökumət danışıqlarının gələn ilin yanvarın 1-dən gec olmayaraq təşkil edilməsi qərara alınıb. Suriya müxalifəti və hökuməti altı ay ərzində milli birlik hökumətinin formalaşdırılmasına dair razılığa gəlməli, 18 ay ərzində isə ölkədə yeni konstitusiyaya dair səsvermə keçirilməlidir./apa/