Suriya aviasiyası İdlib əyalətinin Xan-Şeyhun yaşayış məntəqəsinin ətrafında terrorçulara məxsus silah-sursat anbarına zərbə endirib. Həmin anbarda İraqa tədarük olunan kimyəvi silah arsenalları saxlanılıb.
Məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkovun bəyanatında bildirilir.
“Suriya aviasiyası ötən gün yerli vaxtla 11.30-dan 12.30-dək Xan-Şeyhun yaşayış məntəqəsinin şərq ətrafında terrorçulara məxsus iri silah-sursat anbarına zərbə endirib. Həmin anbardan kimyəvi silahla təchiz edilmiş döyüş sursatları İraq ərazisindəki terrorçulara tədarük olunub”, - deyə Konaşenkov qeyd edib.
Onun sözlərinə görə, anbarın ərazisində zəhərli maddələrlə təchiz edilmiş fuqasların istehsalı sexləri fəaliyyət göstərib. Konaşenkov həmin sursatlardan Hələb şəhərində də istifadə edildiyini qeyd edib.
Ötən gün İdlibdə kimyəvi silahdan istifadə edilməsi barədə məlumatlar yayılıb. Nəticədə 80 nəfərin öldüyü və 200 nəfərin yaralandığı bildirilir. Suriya ordusunun komandanlığı və silahlı müxalifət qüvvələri bir-birini kimyəvi silahdan istifadə etməkdə ittiham edir.