Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyinin alimləri iddia edir ki, bəzi müəssisələr süd məhsullarının istehsalını saxtalaşdırır.
Məlumata görə, alimlər istehsal prosesinin saxtalaşdırılma sxemini detallı şəkildə açıqlayıb.
Alimlər hesab edir ki, saxtalaşdırmanın əsas məqsədi məhsulun maya dəyərinin aşağı salınması yolu ilə daha çox gəlir əldə etməkdir. Müasir saxtalaşdırma metodlarının əksəriyyəti daha ucuz xammaldan istifadə olunmasıdır. Təbii ki, sadalananlar istehlakçının aldadılması və haqsız rəqabətdən xəbər verir.
TƏBİİ SÜDÜN SAXTALAŞDIRILMASI
Federal Agentliyin alimləri iddia edir ki, istehsalçılar bir çox hallarda təbii südün əvəzinə bərpa olunmuş süddən istifadə edir. Üstəlik, bərpa olunmuş südə bitki yağları əlavə olunur və alınan qatqıdan turş süd məhsulları istehsalı olunur. Bir südün başqası ilə dəyişdirilməsinə daha çox keçi südünün satışı zamanı rast gəlmək olar. Məlum olduğu kimi, keçi südü daha yüksək qiymətə satılır.
Təbii süddə yağlılığın səviyyəsi 4,5-6%-dir. Alimlər bildirir ki, saxtalaşdırma yolu ilə istehsalçılar yağlılığın səviyyəsini 2,5%-ə çatdırır və nəticə kifayət qədər iri məbləğdə gəlir əldə olunur.
Alimlər iddia edir ki, istehsalçılar südə SU, NİŞASTA, TABAŞİR, SABUN, SODA, GİPS, ƏHƏNG, MÜXTƏLİF NÖV TURŞULAR VƏ S. qatırlar. Bu qatqılar məhsulun daha gec turşumasına yardım edir. Lakin alimlər bildirir ki, əslində, yuxarıda sadalananların məhsula qatılması turşuluq normasına təsir etmir. Üstəlik, bir çox hallarda ZƏHƏRLƏNMƏLƏRƏ SƏBƏB OLUR.
XAMANIN SAXTALAŞDIRILMASI
Federal Agentlikdən bildirilir ki, bir çox hallarda xamaya SU, QATIQ, YAĞSIZ KƏSMİK, BİTKİ YAĞI, ZÜLAL, KEYFİYYƏTSİZ SÜD KOMPONENTLƏRİ, NİŞASTA VƏ MÜXTƏLİF ƏLAVƏLƏR qarışdırırlar.
KƏSMİYİN SAXTALAŞDIRILMASI
Keyfiyyətsiz yağsız kəsmiyin cəmi 0,5% yağlılığı olur. Lakin onun tərkibində 17% zülal var. Məhsulun 100 qramında cəmi 60 kkal kalorilik olmalıdır. Təəssüf ki, bəyan olunan yağlılığın səviyyəsi heç də hər zaman reallığa əsaslanmır. Saxtalaşdırılmış məhsulda yağlılığın səviyyəsi 10%-dən artıq olur.
KƏRƏ YAĞININ SAXTALAŞDIRILMASI
Bildirilir ki, kərə yağının istehsalı prosesində istehsalçılar marqarin və başqa hidro yağlardan istifadə etməklə saxtakarlığa əl atırlar.
PENDİRİN SAXTALAŞDIRILMASI
Burada əsas yük suyun üzərinə düşür desək, yanılmarıq. Bundan başqa, süddən alınan yağ bitki yağı ilə əvəzlənir. Həmçinin, qatqıya zülal əlavə olunur və yağlılıq azaldılır.
Süd məhsulları istehsalçıları yuxarıda qeyd edilən üsullara əl atmaqla ciblərini şişirdir.
Düzdür, Federal Agentliyin sədr müavini Nikolar Vlasov bildirir ki, bəzi hallarda saxtalaşdırma halları müəssisə rəhbərlərinin xəbəri olmadan da baş verir. "Yəni, istehsal prosesini adi işçilər saxtalaşdırır. Bizə bəzi müəssisə rəhbərləri müraciət edərək istehsal olunan məhsulun keyfiyyətini yoxlamağımızı tələb edir. Zavodun direktoru dəli deyilsə, saxtalaşdırdığı məhsulu dövlət orqanında yoxlatdırmaz! Bu, ondan xəbər verir ki, saxtalaşdırma prosesi müəssisə rəhbərlərinin xəbəri olmadan aparılır", - deyə N. Vlasov qeyd edib.
Rusiyada istehsal olunan süd məhsullarının Azərbaycanda da satılması bu məsələni bizim üçün daha da həssas edir. Düzdür, Azərbaycanda da süd istehsalçıları kifayət qədərdir və onların istehsal etdiyi məhsullara tələbat yüksəkdir. Onlar istehsal prosesində hər hansı saxtakarlığa əl atır, ya yox, deyə bilmərik. Birincisi, əlimizdə fakt yoxdur, ikincisi, aidiyyati dövlət qurumları bir saxtakarlıq aşkarlamayıb, aşkar edibsə də, ictimailəşdirməyib.
Qayıdaq Rusiya istehsalı olan süd məhsullarına. Onlar istehlakçıların daha çox üz tutduğu iri marketlərdə satılır. Reklam və ya antireklam xarakterli olmasın deyə, hər hansı marka üzərində dayanmaq fikrimiz yoxdur. Əvəzində bir qədər öncə adını çəkdiyimiz Nikolay Vlasovun Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyinin rəsmi saytındakı yazılı bəyanata müraciət edirik. Qurumun sədr müavinin bəyanatının sonunda bir cədvəl yerləşdirilib və həmin cədvəldə saxtakarlığa əl atmayan (3 kateqoriyaya bölünüb) istehsalçıların adları açıqlanıb./apa/