20-ci əsrin ən müəmmalı və tanınmış şəxsiyyətlərindən biri də İosif Stalindir. Millətlər atasının ailəsi haqda müxtəlif versiyalar var. Bu versiyalardan biri də səyyah Prjevalskinin oğlu olması ilə bağlıdır.
Bu məsələyə aid kiçik araşdırmanı təqdim edirik.
Bu maraqlı hadisə 1939-cu ildə başlayıb. Polşanın "Jiçe Varşava" qəzetində çıxan bir məqalədə Stalinin gürcü çəkməçi Vissarion Cuqaşvilinin oğlu olmadığı iddia edilirdi. Bundan başqa qəzet səhifəsində millətlər atasının və məşhur səyyah Nikolay Mixayloviç Prjevalskinin şəkli dərc edilir. Polyak jurnalistlər iddia edirdilər ki, İosif Stalinin əsl atası Prjevalski olub. Eyni zamanda bu iki şəxsiyyət həqiqətən də bir-birinə çox bənzəyir. Mətbuat nümayəndələri bir məqalə ilə kifayətlənmədilər.
Deyilənlərə görə, guya Prjevalski 1878-ci ildə Gürcüstana səfər edir və 22 yaşlı Yekatrina Cuqaşvili ilə tanış olur. Yekatrina isə artıq dörd il idi ki, çəkməçi Vissarionun həyat yoldaşı idi. Səyyah Yekatrina ilə tanış olanda Cuqaşvili səfərdə idi, yəni Tiflisdə ayaqqabı fabrikində işləyirdi. 1878-ci ilin dekabr ayında Yekatrinanın oğlu dünyaya gəldi və uşağa İosif adı verildi. Prjevalski uzun illər Gürcüstana övladı üçün pul da göndərib.
Prjevalskinin bioqrafiyasını tədqiq edən alimlər məsələni aydınlaşdırmağa başladılar. Görəsən səyyah Stalinin atası ola bilərdimi və ya ümumiyyətlə Prjevalski Gürcüstana səfər edibmi?
1878-ci ilin əvvəllərində Nikolay Mixayloviç Qafqazdan çox uzaqda yəni Çində idi. Bundan başqa səyyah ekzema xəstəliyindən əziyyət çəkirdi. Müxtəlif dərmanlar, kompres və mazlar ağrını müvəqqəti yüngülləşdirsə də, Prjevalski sağalmırdı. Qeyd etmək lazımdır ki, Rusiyadan anasının ölüm xəbərini eşidən səyyahın vəziyyəti daha da ağırlaşır. Bir az sağalan Nikolay doğma Smolensk quberniyasına, anasının məzarını ziyarət etməyə yollanır.
Göründüyü kimi, səyyahın marşrutu Yekatrinanın yaşadığı əraziyə çox uzaq idi. Bundan başqa Prjevalskinin bioqrafiyasında nə vaxtsa Gürcüstana səfər etdiyi barədə məlumat yoxdur.
Bununla belə, Prjevalski barədə söhbətlər bir müddət dolaşdı. Hətta Stalinin hakimiyyət illərində də bu məsələ unudulmadı. Onun həyatından bəhs edən film çəkildi və 1946-cı ildə adına medal təsis edildi.
Maraqlıdır ki, bolşeviklər hakimiyyətə gələndə belə, Prjevalski Monqolustana olan tədqiqatını dayandırmadı və işinə davam etdi. İkinci dünya müharibəsi başa çatdıqdan sonra millətlər atası xalqın qəhrəmanlarının adını bərpa etməyə başladı.
Stalinin nəvəsinin DNK analizi sübut edir ki, bu nəslin nümayəndələri G2 haploqrupuna məxsusdur. Prjevalski nəslinin nümayəndələri isə R1, yəni tipik avropalı haploqrupuna məxsusdur./Olke.az/