“Güzəştli mənzilin üç il müddətində icarəyə və ya kirayəyə verilməsinə və həmin müddətdə özgəninkiləşdirilməsinə məhdudiyyət tətbiq ediləcək”.
Qazeta.info Oxu.az-ın məlumatına əsasən bildirir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, güzəştli mənzillər Bakıda Yasamal rayonunda olacaq.
“Eyni zamanda, digər şəhər və rayonlarda da mərhələli şəkildə mənzillər inşa ediləcək. Mənzillər 1, 2 və 3 otaqlı olacaq”.
Ekspert vurğulayıb ki, sosial mənzillərin ödənişi 1 və 2 otaqlı mənzillər üçün 200 manatdan az olacağı gözlənilir:
“Təbii ki, 3 otaqlı mənzil üçün ödəniş aylıq 300 manatdan az olmasına çalışılır. 2 və 1 otaqlı mənzillər üçün aylıq ödəniş müvafiq olaraq aşağı olacaq və aylıq ödənişin 200 manatdan az olacağı gözlənilir.
İlk il 2 min mənzil istifadəyə veriləcək, daha sonra isə hər il 3 min mənzilin vətəndaşlara təklif olunması hədəflənir. Güzəştli mənzillər ümumi illik mənzil tələbatının 10 faizini təşkil edəcək. Mənzillərin sahəsi ekonom olacaq.
Gözlənilir ki, 3 otaqlı mənzillərin sahəsi təxminən 70, 2 otaqlılar isə 45 kvadratmetr olacaq. Bütövlükdə, yeni sistem mənzili olmayan, amma güzəştli şərtlər ilə aylıq ödəniş etmək imkanı olanları ev sahibi edə biləcək”.