ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətdən narahatdır. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç, təşkilatın baş katibi Lamberto Zannier və ATƏT-in Minsk qrupunun həmsədlərinin birgə bəyanatında deyilir.
ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İ. Daçiç şənbə günü Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andre (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, ATƏT-in baş katibi L. Zannier iştirak ediblər.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində hadisələr müzakirə olunub.
Birgə bəyanatda deyilir: “Biz hamımız razıyıq ki, qoşunların təmas xətti boyunca və Ermənistan-Azərbaycan sərhədində hərbi vəziyyə pisləşir. Bu, regional sabitliyə təhdid yaradır və dinc sakinlərin həyatını təhlükə altına salır. Anjey Kasprişikin 2015-ci ilin ilk ayı üzrə monitorinq hesabatında 12 ölüm və 18 yaralı olduğu qeyd edilir ki, bu da atəşkəs rejimi haqqında 1994-cü il sazişinin imzalanmasından bəri qurbanlar barədə ən yüksək təsdiq edilmiş məlumatlardır. Təqribən 60 nəfərin öldüyü 2014-cü ildən sonra biz zorakılığın həyəcanlı tendensiyasının davam etməsindən narahatıq”.
Diplomatlar hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur və tərəflər gücdən istifadə etməyi dayandırmalıdırlar.
Bəyanatda bildirilir: “Biz tərəfləri müdaxilə və hücumu, kəndlərin dinc sakinlərini hədəf almağı, repressiya hədələrini və assimetrik qüvvədən istifadəni dayandırmağa və gərginliyin azaldılması, atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər görməyə çağırırıq”.
Bundan başqa, ATƏT təşkilatın Nazilər Şurasının həmsədr ölkələrinin nümayəndə heyətləri başçılarının Bazeldə tərəfləri humanitar məsələləri, cəsədlərin və həbs olunanların qaytarılması məsələlərini nizamlamağa çağıran 4 dekabr 2014-cü il tarixli birgə bəyanatını təsdiq edir. Bu, eləcə də 2010-cu ilin oktyabrında Həştərxanda qəbul edilən bəyanatda qeyd edilir.
Minsk qrupu ATƏT-in fəaliyyətdə olan sədrinin tam dəstəyi ilə regionun böyük problemi olan münaqişənin sülh yolu ilə nizamlanmasına gətirib çıxara biləcək danışıqlar prosesini gücləndirə bilər. Bəyanatda qeyd edilir: “Biz tərəfləri siyasi iradə göstərməyə və bu prosesə düzəliş etmədən dərhal başlamağı təkidlə çağırırıq”.//AnsPress