Qazeta.info Statistika Komitəsinin məlumatına əsasən bildirir ki, 2015-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 14,0 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz çox əmtəə satılmışdır. Satılmış istehlak mallarının 49,7 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50,3 faizini qeyri-ərzaq malları təşkil etmiş və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 0,8 faiz bəndi artmışdır.
Cari ilin yeddi ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artaraq 7,2 milyon manat təşkil etmişdir. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 93,0 faizini hüquqi şəxslərin, 7,0 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən almışdır. Elektron ticarət dövriyyəsinin 96,6 faizini qeyri-ərzaq malları təşkil etmişdir.
2015-ci ilin yanvar-iyul aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz artaraq 561,7 milyon manat olmuşdur. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 240,4 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 321,3 milyon manat təşkil etmişdir.
2015-ci ilin yanvar - iyul aylarında ümumi daxili məhsul istehsalı
Bundan başqa bildirək ki, 2015-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 32,1 milyard manata catmışdır.
Bu dövr ərzində iqtisadiyyatın qeyri-neft sahələrində ÜDM 9,0 faiz, neft-qaz hasilatı və emalı sektorunda isə 1,0 faiz artmış, qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 57,5 faizdən 68,0 faizə yüksəlmişdir.
ÜDM-in 35,0 faizi sənayenin, 13,6 faizi tikintinin, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,3 faizi isə xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil etmişdir.