Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanov Fəxri Xiyabanda sol əli ilə hərbi salam verməsi haqda yayılan xəbərlərə reaksiya verib.
Bununla bağlı “Qafqazinfo”ya açıqlama verən T. Qurbanov xiyabanda sol əllə hərbi salam verdiyini təsdiqləyib. Lakin bunun üçün əsaslı səbəblərinin olduğunu deyib: “Mənim sağ əlimin protez olması haqda deyilənlər yalandır. Amma sağ əlimdə problemlər var və ziyarət vaxtı həmin əlimi hərəkət etdirə bilmirdim.
Bundan başqa hərbi nizamnamədə də sol əllə hərbi salam verməklə bağlı heç bir qadağa yoxdur. Mən uzun illər hərbi sahədə fəaliyyət göstərmişəm və nəinki hərbi salam verməyi, bütün hərbi işləri çox gözəl bilirəm”.
Xatırladaq ki, T. Qurbanovun sol əllə hərbi salam verməsi mediada və sosial şəbəkələrdə əsas mövzulardan birinə çevrilib. 1991-ci ildən prokurorluq orqanlarında işləyən Tariyel Qurbanov əvvəllər Tovuzun, Qaradağın və Hacıqabulun prokuroru vəzifəsində işləyib. O, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır./Publika.az/