Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, SOCAR tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılması istiqamətində mühüm işlər görülür.
SOCAR-dan verilən məlumata görə, 2015-2016-cı il üzrə payız-qış mövsümü üçün ''Azneft'' İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına təbii qazın vurulması prosesi uğurla başa çatıb. Bu proses mövcud qrafikə uyğun olaraq, bu ilin aprel ayından başlamış və noyabrda yekunlaşıb.
2015-ci ilin qazvurma mövsümündə yeraltı qaz anbarlarına ümumilikdə 1 mlrd. 807 mln. kubmetr qaz vurulub. Bu həcmin 920 mln. kubmetri “Qaradağ”, 887 mln. kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb. Ötən mövsümdən saxlanılan qalıq təbii qazla birlikdə yeraltı anbarlarda qazın həcmi 2 mlrd. 694 mln. kubmetr təşkil edib.
Artıq noyabr ayının ortalarından etibarən 2015-2016-cı il üzrə qazgötürmə mövsümünə başlanılıb. İndiyədək anbarlardan ümumilikdə 646 mln. kubmetr həcmində “mavi yanacaq” götürülüb ki, bunun da 261 mln. kubmetri “Qaradağ”, 385 mln. kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb.
Anbarlardakı qaz ehtiyatı onu deməyə əsas verir ki, payız-qış mövsümünün sonuna kimi ölkə əhalisi ''mavi yanacaq''la fasiləsiz olaraq təmin ediləcək./apa/