Əsl ananın əziz xatirəsinə
14.04.2015 749 0.0 0

Sabah görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anım günüdür. Düz 30 il qabaq 1985-ci il aprelin 15-də Zərifə xanım dünyasını dəyişib. Həyat yoldaşı, mərhum prezident Heydər Əliyev o vaxt Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyirdi. 

Heydər Əliyevin şəxsi mühafizəçisi, daha çox Saşa kimi tanınan Aleksandr Alekseyeviç İvanov  söhbətində Zərifə xanımın dəfnini heç zaman unutmadığını bildirir. “Nə qədər ki, sağam, dəfnin xatirəsi çox kədərli bir tarix kimi mənimlə yaşayacaq. Onunla Kurapotkinskaya küçəsində yerləşən Alimlər Evində vidalaşdıq. Siyasi Büronun demək olar ki, bütün üzvləri Heydər Əliyevə və ailəsinə baş sağlığı verməyə gəlmişdi. Vidalaşmağa gələn insan seli Alimlər Evinə doğru irəliləyirdi. Tələbələr, alimlər, oftalmoloqlar çox kədərli idilər. İnsanların çoxu Zərifə xanımla vidalaşmaq üçün xüsusi olaraq Moskvaya gəlmişdilər”, - deyə Aleksandr İvanov vurğulayır. 

Dəfn mərasimində Azərbaycan ictimaiyyətinin, Moskvada yaşayan azərbaycanlıların təmsilçiləri də geniş təmsil olunub. Görkəmli müğənni Müslüm Maqomayev dəfn mərasimində “Sənsiz” romansını ifa edib. “Mahnının sözləri, əlbəttə, hər şeyi ifadə edir, əzizini itirmiş tənha insanın ruhunu əks etdirirdi. Heydər Əliyev kövrələrək mahnını dinləyirdi, bu, Zərifə xanımın xatirəsinə elegiya idi. Daha sonra Müslüm Maqomayev Zərifə xanımın xatirəsi üçün xüsusi “Elegiya” həsr etdi”,- deyə Aleksandr Alekseyeviç xatırlayır. 

Aleksandr Alekseyeviç Zərifə xanıma olan bu xalq sevgisini onun şəxsi keyfiyyətləri ilə izah edir: “Zərifə xanım bir qadın, bir ana, bir həyat yoldaşı kimi ideal idi. O, istənilən qadın və ana üçün, qız övladı üçün etalon idi. Zərifə xanım, heç zaman özünü Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin, yaxud Azərbaycan Kommunist Partiyasının birinci katibinin, yəni respublikanın birinci şəxsinin, yaxud da Sov İKP Siyasi Bürosunun üzvünün arvadı kimi təqdim etmirdi. O, həmişə xalqa yaxın olub. Öz rəfiqələri, iş yoldaşları, qohumları, övladları və həyat yoldaşı ilə mehriban münasibətləri olub. Yüksək ruhu ilə bütün yaxınlarının həyat yoluna işıq saçıb”.

Respublikanın birinci xanımı, yəni Azərbaycan Kommunist Partiyasının birinci katibinin xanımı olmasına baxmayraq, Zərifə xanım ciddi şəkildə praktiki elmi-tədqiqat işləri ilə məşğul olub. O, bir çox samballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin həmmüəllifi olub. O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olub. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olmuş akademik Zərifə xanım Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü olub.

Elmdə bu qədər yüksək nəticələr əldə etməsin baxmayaraq, o, sadə insanlara öz qayğısını əsirgəməyib, zəhmətkeş insanları heç bir təmənna güdmədən müalicə etməkdə davam edib. Aleksandr İvanovun dediyinə görə, Bakının bir sıra müəssisələrində - əvvəlcə şin zavodunda, daha sonra kondisioner zavodunda onun öz kabineti olub. “Birbaşa dəzgah, konveyer arxasından gəlmiş insanları qəbul edirdi. Belə gözəl ürəyi vardı. Gözlərinin nurunu azaltmağa qoymadığı bu sadə insanlar yəqin ki, onu heç vaxt unutmayacaqlar. Təsəvvür edin, ölkənin birinci xanımı şin zavodunun fəhlələrini müalicə edirdi, çünki o, xalqa çox yaxın idi”,- deyə Aleksandr Alekseyeviç vurğulayır.

Tələbələri, yaxınları xatırlayır ki, Zərifə xanım Əliyeva rəhmli, xeyirxah və Tanrıya çox bağlı adam olub. Həmin illərdə sovet rejimi dini inkar etsə də, mərhum prezident Heydər Əliyev də, xanımı Zərifə xanım Əliyeva həmişə öz həyatlarını İslam dəyərlərinə uyğun qurublar. Şeyxülislam Allahşükür Paşazadə 1985-ci ildə Moskvada dünyasını dəyişmiş Zərifə xanımın İslam qaydalarına uyğun dəfn edildiyini xatırlayır. Onun sözlərinə görə, həmin kədərli günlərdə mərhum Heydər Əliyev ona xəbər göndərərək Moskvaya çağırıb. “Biz buradan Moskvaya getdik. Orada mənə tapşırıq verdi ki, Zərifə xanım üçün nə lazımdır? Yəni dini tərəfdən nə edilməsi gərək olduğunu soruşdu. Allah ona rəhmət eləsin. Dini məsələləri həll etdik. Məscid yaxın idi. Əlbəttə, işlər gizli formada oldu. Bunu hər adam bilmirdi. Bir tərəfdə mən oturmuşdum, Quran oxuyurdum, digər tərəfdən gəlib ona başsağlığı verirdilər. Mən şəxsən orada olanda, Qromıkonun və Siyasi Büro üzvlərinin gəlib ona başsağlığı verdiklərini gördüm. Mənə tapşırıq vermişdi ki, Quran oxumağı dayandırmayım. Mərhumənin dəfni zamanı cənazə namazının qılınması məsələsi vardı. İstədik, cənazə namazını qılaq. Krasilnikov bizə maneçilik törətmək istədi. Mən özüm şahidiyəm ki, Heydər Əliyev onu çağırdı, dedi ki, qoy onlar öz işlərini görsünlər. Biz də namaz qıldıq”,- deyə Şeyxülislam xatırlayır. 

Vətənə çox bağlı olan Zərifə Əliyeva 1985-ci ildə Moskvada dəfn edildiyi Novo-Deviçye qəbiristanlığından 1994-cü ildə gətirilərək Azərbaycana qovuşdurulub. O, Fəxri Xiyabanda atası, görkəmli dövlət xadimi Əziz Əliyevin yanında dəfn edilib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar