Sizdə də bu əlamətlər varsa... – TƏHLÜKƏ
02.11.2015 930 0.0 0

Appendisiti nədir, əlamətləri hansılardır, bu xəstəlik uşaqlarda hansı yaşda özünü göstərə bilər? Aile.lent.az appendisitlə bağlı çoxlarını düşündürən bu və digər suallara cavab tapmağa çalışıb.

Kor bağırsağın soxulcanabənzər çıxıntısının kəskin iltihabına appendisit deyilir. Appendisit qalın bağırsağa bağlı, 10 -25 sm uzunluğunda boru şəklində olur. Bu toxuma iltihablandığı zaman qalın bağırsağın bu hissəsi tıxanır. Appendisit partladığı zaman iltihablı maye qarın boşluğuna axır və qısa müddətdə qarın pərdəsinin iltihablanmasına səbəb olur. Qarın pərdəsinin iltihablanmasına zamanında müdaxilə edilməzsə, həyat üçün təhlükəli olur.

 

Appendisit qarın bölgəsində yaranan ağrılarla özünü büruzə verir. Ağrı göbək dəliyi ətrafında başlayır və qarnın alt sağ bölgəsində şiddətlənir. Cərrah Elvin Əliyevin sözlərinə görə, appendisit ağrısı donuq, iti və şiddətli olur. Ağrı ilə yanaşı qusma, ürək bulanma, qızdırma, qəbzlik və ya ishal, qaz problemi, kürək ağrıları müşahidə edilir.  Amma bu əlamətlər hər adamda görülə bilməz. 

Appendisit ağrıları yeməkdən sonra yaranan qaz və ağrılar, böyrək və ya digər orqanlarda müşahidə edilən ağrılarla qarışdırılmamalıdır. Appendisit ağrısı bel bölgəsi daxilində, göbək dəliyi xəttində müşahidə edilir. Daha sonra qarının alt sağ bölgəsinə yayılmağa başlayır və “bıçaq batırılması” effektini verir. Ağrı bütün omba sümüyünə yayılır.

Appendisit əlamətləri öd kisəsi problemi, sidik yolu infeksiyaları, qastrit və yumurtalıq problemlərinin əlamətləri ilə eyni olduğu üçün dəqiq diaqnozu qoymaq çox çətindir.

Həkim deyir ki, belə ağrılar varsa, bunu ev şəraitində müxtəlif üsullarla müəyyən etmək olar: “Qarnınızı yüngülcə sıxın. Toxunmaq belə, qarnın sağ qismində ağrıya səbəb olursa, tez həkimə müraciət edin. Qarın bölgənizə toxunulan zaman  sağ tərəf möhkəm və şişdirsə, bu, appendisit ola bilər. Ümumiyyətlə, appendisit zamanı ağrı sağ ayağa düşdüyü üçün gəzmək məhdudlaşır, gəzərkən ayaq dartılır.  Əgər heç bir xəstəliyiniz olmadığı halda iştahın azalması, ürək bulanma, ağrılar başlayan kimi qusma, qarın nahiyəsinin şişkiniyi, qazla birlikdə müşayiət edilən ishal və qəbzlik, qızdırma, sidiyə çıxarkən ağrılar varsa, mütləq həkimə müraciət edin. Bunlar, appendisitin əlamətləridir. Appendisitin partlaması həyat üçün təhlükəlidir.  Buna görə də belə ağrılara çox diqqət etmək lazımdır”.

 

Cərrah bildirir ki, appendisit problemini ancaq əməliyyat yolu ilə aradan qaldırmaq mümkündür. Appendisit əməliyyatının həyata keçirilməsi üçün appendisit şübhəsi belə kifayət edir. Əməliyyat ümumi anesteziya yolu ilə aparılır və sağ bölgədə 10 sm  yer açılaraq, appendisit götürülür.

Xəstələr əməliyyatdan 12 saat sonra normal həyata qayıda bilər. Əməliyyat 15-30 dəqiqə davam edir.

 

Bəs uşaqlarda appendisit ola bilərmi? Elvin Əliyevin sözlərinə görə, appendisit hər yaşda görülə bilər. Uşaqlarda appendisit böyüklərlə müqayisədə daha uzun olur: “Appendisit ən çox 6-10 yaş arası uşaqlarda görülür. 2 yaşından kiçik uşaqlarda 2 faiz, 60 yaşından böyüklərdə 10 faiz müşahidə edilir”.

 

Appendisitin müşahidə edilmə cədvəli cinsiyyətə görə fərqlənir. Belə ki, yetkinlik yaşında qız və oğlanlarda appendisit nisbəti bərabərdir. 15-25 yaş qrupunda kişilərdə appendisit qadınlara nisbətən 2 qat çox müşahidə olunur. 25 yaşından sonra nisbət yenidən bərabərləşir. Appendisitin partlama ehtimalı da yaşa görə fərqlənir.  Gənclərdə 15-25, uşaqlarda 85, yaşlılarda 90 faiz partlama ehtimalı var.

E.Əliyev appendisitin yaşlıların həyatı üçün daha təhlükəli olduğunu deyir. Belə ki, yaşlıların appendisitdən ölüm riski 50, gənclərdə isə 0,1 faizdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar