Siyəzən rayonu ərazisində qarət baş verib. Rayonda yerləşən mebel mərkəzlərindən birinin mühasibinə soyuq silahla xəsarət yetirilərək şirkətə məxsus pul aparılıb.
Məlumata görə, mebel şirkətinin mühasibi Samir Cəlalov Xaçmaz rayonuna gedərkən yolda avtomobilinin təkəri partlayıb. Təkəri dəyişən zaman naməlum şəxslər tərəfindən mühasibin baş hissəsinə küt alətlə zərbə endirilib.
Mühasib dərhal huşunu itirib. S.Cəlalovun huşunu itirdiyini görən qarətçilər onun “Mersedes” markalı avtomobilindən, ilkin ehtimallara görə, 10 min manat pul aparıblar. Bir müddət sonra özünə gələn şəxs dərhal Siyəzən rayon Polis İdarəsinin Zarat polis postuna müraciət edib. Xəsarət alan şəxsi dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə gətiriblər.
Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, qapalı kəllə beyin travması alan şəxsə ilkin tibbi yardım göstərilib və vəziyyəti ağır olduğu üçün onu Bakıya - Kliniki Tibbi Mərkəzə gətiriblər.
Hazırda cinayəti törədən şəxslərin axtarışları Siyəzən rayon Polis İdarəsində davam etdirilir./anspress/