Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyəti ABŞ-la Cənubi Koreyanın birgə hərbi təlimlərinə etiraz edib.
Məlumata görə, Şimali Koreya təlimlərə dünyaya məlum olmayan "dağıdıcı" silahla qarşılıq verəcəyi ilə təhdid edir.
KXDR Dövlət Müdafiə Komitəsinin rəsmi nümayəndəsi bildirib ki, ABŞ-ın Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaların sərtləşməsi və ölkənin blokadası KXDR-in ABŞ-a "daha qəti və qüvvətli cavab" verməsi ilə nəticələnəcək.
O, Koreya ordusu və xalqının keçmişdəki kimi olmadığını bildirib. Müdafiə Komitəsinin rəsmisi "KXDR dünyaya məlum olmayan müdafiə və hücum silahları ilə silahlanmış məğlubedilməz qüvvədir" deyib.
KXDR dövlət televiziyasının aparıcısı da Vaşinqtonu materikin təhlükəsizliyini qorumaq üçün təlimləri dərhal dayandırmağa çağırıb.
Pentaqon isə öz növbəsində bildirib ki, Cənubi Koreya ilə birgə müdafiə təlimləri hər il keçirilir. Bunun dünyada baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur./anspress/