BMT-nin Şimali Koreyada insan haqları ilə bağlı vəziyyəti araşdırmaq niyyətində olduğunu bildirməsinə rəsmi Pxenyan ölkədə yeni nüvə sınağı keçiriləcəyi təhdidi ilə cavab verib.
Məlumata görə, Şimali Koreya XİN-i BMT-də bu cür qətnamənin ABŞ tərəfindən göstərilən təzyiq nəticəsində qəbul edildiyini bildirib.
Peyklərdən çəkilən yeni fotolar Şimali Koreyanın nüvə poliqonunda fəallığın bərpa edildiyini təsdiq edib.
Çərşənbə axşamı BMT-nin İnsan Haqları Komitəsi qurumun Təhlükəsizlik Şurasını (TŞ) Şimali Koreyada insanlığa qarşı cinayət törədilməsi ittihamları ilə bağlı Pxenyanın işini baxılmaq üçün Beynəlxalq Cinayət Məhkəməsinə verməyə çağıran qətnamə qəbul edib.
Pxenyan həmin qətnamənin “Şimali Koreyadan qaçan fərarilərin şər və böhtan dolu ifadələrinə” əsaslandığını bəyan edib.
Şimali Koreya qətnamənin qəbul edilməsini ABŞ tərəfindən həyata keçirilən ciddi siyasi təxribat sayaraq, bundan sonra Pxenyanın yeni nüvə sınağı keçirməkdən çəkinməsinin mümkün olmayacağını vurğulayıb.
ABŞ Dövlət Departamentinin bəyanatında Şimali Koreyada insan haqları ilə bağlı vəziyyətə rəsmi Pxenyanın bu cür hədələrlə cavab verməsinə görə təəssüf bildirilib.
Öz növbəsində Şimali Koreya rəsmiləri insan haqlarının ölkədə pozulması barədə xəbərləri ardıcıl olaraq təkzib edirlər.
Ekspertlər isə Rusiya və Çinin də üzv olduğu BMT TŞ-nın Şimali Koreya ilə bağlı məsələnin Beynəlxalq Cinayət məhkəməsinə verəcəyi ehtimalının olduqca az olduğunu bildirir.
Xatırladaq ki,Şimali Koreyada nüvə sınaqları 2006, 2009 və 2013-cü illərdə keçirilib.//ANS PRESS