Əsgərimiz intihar edibmiş - Müdafiə Nazirliyindən açıqlama
30.01.2017 1905 0.0 0

Yanvarın 29-da sosial şəbəkələrdə və bəzi yerli elektron informasiya resurslarında Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, hərbi qulluqçu qeyri-döyüş şəraitində, özünəqəsd nəticəsində həlak olub. İlkin araşdırmalar göstərdi ki, intiharın xidməti fəaliyyətlə əlaqəsi aşkar edilməyib. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.
Eyni zamanda sosial şəbəkə istifadəçilərini və elektron kütləvi informasiya vasitələrini Silahlı Qüvvələrin fəaliyyəti, xüsusilə cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dəqiqləşdirilməmiş, qeyri-rəsmi məlumatları yaymamaları barədə növbəti dəfə xəbərdar edirik.

*****

 

Ermənilərlə həmsərhəd olan Tovuz rayonunun Əlibəyli kəndində  Azərbaycan ordusunun əsgəri Xanəli Fəttayev erməni gülləsindən dünyasını dəyişib.  

Qazeta.info bildirir ki, sosial şəbəkələrdə yayılan bu məlumatı musavat.com şəhidin ailəsi ilə dəqiqləşdirib. 

Xanəli Fəttayevin yaxınları deyiblər ki , 18 yaşlı əsgər 4 ay  öncə hərbi xidmətə yollanıb. Xanəli Fəttayevin ölüm xəbəri 29 yanvar saat 12:00-da ailəsinə verilib. Onun həmin gün səhər saat 6:00 radələrində şəhid olduğu deyilib. Ailədən bildirilib ki, gecə saatlarında övladlarının cənazəsi ailəyə təhvil veriləcək və hadisə haqqında ətraflı məlumat təqdim olunacaq. 

Qeyd edək ki, mərhumun ailəsi Bakının Binə qəsəbəsində, "Südçülük sovxozu" adlanan ərazidə yaşayır. 

Sosial şəbəkələrdə yaylan məlumata görə , mərhum vaxtilə ANS TV-nin "Ağıl dəryası" layihəsinin  iştirakçısı olub. Bu barədə  "Ağıl dəryası" verilişinin keçmiş aparıcısı Murad Əzimzadə öz "Facebook" hesabında yazıb.

Allah rəhmət etsin 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar