“Azərbaycana istənilən silah növünün satışı Ermənistanı çox narahat edir”.
Məlumata görə, bu sözləri Ermənistan müdafiə naziri Seyran Ohanyan bildirib.
O bildirib ki, məsələni martın 23-də görüşdüyü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri Nikolay Bordyuja ilə də qaldırıb. Erməni nazir deyib ki, məsələ ilə bağlı yalnız Rusiya ilə deyil, başqa ölkələrlə də danışıqlar aparılır.
Ermənistanda bu məsələyə xüsusi diqqət yetirirlər. İrəvanda dərc olunan “Jamanak” qəzeti qoşunların təmas xəttində 20 erməni əsgərinin həlak olması məsələsinə toxunaraq Rusiyanın Azərbaycanın əli ilə Ermənistanı cəzalandırdığını bildirib. “Serj Sarkisyan İrəvanda Rusiyanın Azərbaycana silah satması ilə bağlı bəyanat verməsindən sonra bu hadisə baş verdi”,- deyə qəzet yazır.
Qəzetin yazmasından belə görünür ki, Ermənistan ictimaiyyəti qəribə xəstəliyə tutulub. 1987-1993-ci illərdə baş verən gizli oyunlardan xəbərsiz Azərbaycanın dinc əhalisini qırmaq üçün Moskvanın yardımı ilə silahlı dəstələr yaradanda, 700 min mülki azərbaycanlını evlərindən didərgin salanda bütün “qələbələri” öz adlarına yazırdılar.
Amma Azərbaycanın kiçik bir həmləsi qarşısında sınan zaman isə günahı Rusiyada axtarırlar. Dünya silah bazarı sərbəstdir və pul olan hər bir kəs bu bazardan silah ala bilər - istər Rusiya, istər Çin, istərsə də Almaniya həmin silahı satacaq, təki pul verən olsun. Görünür, erməniləri başına bu həqiqətlər çatdırmaq çətindir. /anspress/