Sevil Əliyeva yubileyini qeyd edir (FOTO,VİDEO)
12.10.2015 829 0.0 0

Bu gün prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın doğum günüdür. 

Məlumata görə, üç övlad - bir qız, iki oğul anası olan Sevil Əliyeva bu gün 60 illik yubileyini qeyd edir. Sevil xanım 12 oktyabr 1955-ci ildə Bakıda anadan olub. Gözəl bəstəkar və tarix elmləri namizədi olan Sevil Əliyeva uzun illərdir ailəsi ilə birlikdə Londonda yaşayır. 

O, "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, eləcə də, Space TV-nin qurucusudur. Təsadüfi deyil ki, Space TV-nin ad günü hər il Sevil Əliyevanın ad günü ilə bir gündə qeyd edilir.

Siyasətlə məşğul olmağı düşünmədiyini açıqlayan Sevil xanım Vətəndən uzaqda yaşasa da, Azərbaycanla əlaqəsini heç vaxt kəsmir. O, sonuncu dəfə cari ilin sentyabrın 6-sında ailəsi ilə birlikdə Bakıya gəlib. 

“Burada övladlarımla bir yerdəyəm. Bulvarı gəzdik. Zooparka getdik. Şəhəri gəzdik. Həddən artıq çoxlu fotolar çəkmişəm. Yeri gəlmişkən, şəhərdə xeyli adam məni tanıyır və onlar da şəkil çəkdirməyi xahiş edirlər”, - deyə Sevil Əliyeva bildirib.

 

Sevil Əliyeva ilə şəkil çəkdirənlər


“Çoxdan idi valideynlərimin məzarını ziyarət etmirdim. Yeni Bakının gözəlliklərini görməyi də çox istəyirdim. Biz hazırda atamın bir vaxtlar yaşadığı iqamətgahda qalırıq. O, bizi həmişə aşağıda, qapının qarşısında qarşılayardı. Həmin anlar həmişə gözümün önündədir, unutmamışam. Bu ev bizə atamı xatırladır. O, bizi sonuncu dəfə də buradan yola salmışdı” - deyə Sevil xanım əlavə edib.

 

Sevil Əliyeva valideynləri və övladları

 

Heydər Əliyev övladları və nəvələri ilə 


"Space" telekanalına müsahibə verən Sevil Əliyeva uşaqlıq illərini xatırlayıb: "Uşaqlığımın ən yaxşı dövrü Bilgəhdəki istirahət evində keçib. DTK-nın əməkdaşları üçün olan istirahət evində. Ora ittifaqın hər yerindən gəlirdilər. Biz ailəvi bir otaqda qalırdıq. Atamla anam işdə olanda mən və kiçik qardaşım İlham, birdə dayəmiz qalırdı. Otaqların hamısı bir eyvana açılırdı. Eyvanda oynayarkən digər qonşu otaqlara da boylana bilirdik. Mən onlara elə öyrəşmişdim ki...Yuxudan oyananda çimərliyə, axşam isə kinoya gedirdik. Bizə orada elə yaxşı idi ki...", - deyə o, xatirələrini bölüşüb. Həmin müsahibəni sizə də təqdim edirik:

 

 


Sevil Əliyevanın "Space" telekanalına müsahibəsi 


Sevil Əliyeva 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin ərəb dili şöbəsində təhsilini davam etdirib. 1977-1980-cı illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. 

Sevil Əliyeva 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir. Bir çox musiqi əsərlərinin müəllifi olmaqla yanaşı 20-yə yaxın filmin bəstəkarıdır. 2011-ci ilin noyabrında Moskvada Sevil Əliyeva atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi “The galery of Sevil” musiqi albomu təqdim olunub. 

Mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyası isə bəstəkarın şah əsəri hesab olunur.

 


Sevil Əliyevanın bəstələdiyi “Ana” elegiyası./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar