Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın beynəlxalq səviyyədə tanınan və ermənilər tərəfindən işğal altında olan ərazisi olan Dağlıq Qarabağa səfər edib. Erməni mətbuatına istinadən verdiyi məlumata görə, erməni prezidentin səfəri bu gün başlayıb. O, artıq Xankəndidədir.
Sarkisyan tanınmayan separatçı rejimin rəhbərliyi ilə görüşəcək və işğal altındakı ərazilərin rayonlarına baş çəkəcək.
Bu həftənin birinci günü - iyunun 20-də Rusiyanın şimal paytaxtı hesab edilən Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın görüşü zamanı münaqişə zonasında ATƏT müşahidəçilərinin sayını artırmaq müzakirə edilib.
Bu gün isə rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb.
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə açıqlamasında deyib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.
"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər"./anspress/