Kiyevdə Avropa İttifaqı (Aİ) ilə Ukrayna arasında Sammit işə başlayıb.
Məlumata görə, Sammitə beynəlxalq təşkilatlardan və işgüzar dairələrdən 270-dən çox nümayəndə qatılıb. Onlar əsasən Ukraynada iqtisadi islahatlar aparılması və Donbasda hərbi əməliyyatlar nəticəsində zərər dəymiş ərazilərin bərpası məsələlərini müzakirə edirlər.
Ukrayna Prezidenti Petro Poroşenko çıxışında ölkənin şərqində istənilən vaxt müharibə başlayacağı barədə anons verib.
Dövlət başçısı deyib ki, bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs sazişi yerinə yetirilməlidir. Donbasdakı vəziyyətin dinc həllinə isə yalnız xarici tərəfdaşların vahid mövqei ilə nail olmaq mümkündür.
Ötən il Avropa İttifaqı ilə Kiyev arasında Assosiasiya razılaşması qüvvəyə mindikdən sonra təşkil olunan və Ukraynaya dəstək məqsədilə baş tutan toplantıda Ukrayna prezidentinin atəşkəsə nəzarət üçün Avropa sülhməramlılarının yerləşdirilməsi ilə bağlı xahişinə də baxılır.
Xatırladaq ki, bu ilin fevralından Ukraynanın şərqində atəşkəs rejimi elan edilib. Aİ liderləri bu ilin martında Minsk sazişi tam yerinə yetirilənədək Rusiyaya qarşı iqtisadi sanksiyaların qaldırılmaması barədə razılığa gəliblər./anspress/