Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa növbəti səfərə hazırlaşır.
Məlumata görə, bu barədə Ermənistanın "Qraparak" qəzeti məlumat yayıb. Qəzet yazıb ki, səfər zamanı separatçı rejimin “konstitusion islahatlarla" bağlı məsələləri müzakirə olunacaq.
"Hazırda Dağlıq Qarabağın “konstitusion islahatlarla" dəyişikliklərilə bağlı hər hansı konkret qərar yoxdur.
Amma ehtimal edilir ki, dəyişiklikləri zamanı "prezident idarəetmə modeli" 2020-ci ilə qədər qüvvədə saxlanılacaq.
Qəzet iyulun 16-da Sarkisyanın Qarabağ səfəri zamanı hər hansı qərarın qəbul olunacağını yazır.
Sarkisyanın Azərbaycanın işğal altında olan torpaqlarına bu səfərinin NATO-nun Varşava sammitindən sonraya təsadüf etməsi erməni mətbuatının diqqətini cəlb edib. Çünki sammitdə Ermənistanı razı salmayacaq qərarlar qəbul edilib.
Ümumilikdə, Serj Sarkisyan apreldə baş verən hərbi əməliyyatlardan sonra işğal olunmuş ərazilərə mütəmadi səfərlər edir.
Ermənistan prezidenti son dəfə iyunun 22-də işğal olunmuş ərazilərə səfər edib. O, səfər zamanı Xankəndiyə gəldikdən bir neçə saat sonra cəbhənin cənub istiqamətinə gəlib.
Sarkisyan orada hərbçilərlə müşavirə keçirib. Sarkisyanın səfər etdiyi cənub istiqamətində Azərbaycanın Cəbrail və Füzuli rayonları yerləşir.
Aprelin əvvəlində Azərbaycan Ordusu həmin istiqamətdə uğurlu əməliyyat həyata keçirərək bir neçə yüksəkliyi azad edib. Həmin səfərdən iki gün əvvəl Serj Sarkisyan Sankt-Peterburqda Azərbaycan və Rusiya prezidentləri ilə üçtərəfli görüşdən qayıtmışdı. /anspress/