Sarkisyan Qarabağda müşavirə keçirdi
19.04.2016 527 0.0 0

Azərbaycanın işğal altında olan ərazilərinə səfər edən Ermənistan prezidenti Serj Sarkisyan qondarma rejimin "rəhbərliyi" ilə müşavirə keçirib. Xankəndidə olan müşavirə gecə saatlarında baş tutub. 

Müşavirədə separatçı rejimin rəhbəri Bako Saakyan, eləcə də hərbçilər iştirak ediblər. Bu zaman təmas xəttindəki hərbi vəziyyət də müzakirə edilib. 

Cəbhədə baş verən son hadisələrdən qorxuya düşən S.Sarkisyan hərbi hazırlığın artırılmasının əsas öhdəlik olduğunu deyib.

Cəbhədə vəziyyət gərginləşdikdən sonra - aprelin 4-də Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi Azərbaycan Ordusunun vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

 


Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa ötən gün gəlib. Sarkisyan sonuncu dəfə keçən ilin sonlarında Dağlıq Qarabağda olub. Onun təyyarəsi Xankəndi hava limanına enib. 

Bundan əvvəl Ermənistanın müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağa gəlib. Ohanyan Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yerləşən dayaq məntəqələrinə baş çəkib.


Cəbhə xəttində vəziyyət aprelin 2-dən  gərginləşib. Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə təxribat törətməyə çalışıb. Bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb.


Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar