Salyan-Biləsuvar yolu baxımsız vəziyyətə düşüb.
Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bir müddətdir təmir olunmayan magistral yolda avtomobillərin gediş-gəlişində problemlər yaranır.
Belə ki, yolun asfalt örtüyü sıradan çıxdığından nəqliyyat vasitələri burada çətinliklə hərəkət edirlər. Bu isə öz növbəsində xoşagəlməz halların ortaya çıxmasına, yubanmalara: sərnişin və yük daşımalarının ləngiməsinə, habelə yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olur. Məsələ burasındadır ki, yolun acınacaqlı durumda olması səbəbindən sürücülər avtomobillə hərəkətdə olarkən tez-tez nəqliyyat vasitəsinin yolunu dəyişməsinə, qarşıdan gələn avtomobilin yoluna çıxmağa məcbur olurlar. Bu isə öz növbəsində qəza təhlükələri yaradır.
Sakinlərin sözlərinə görə, yolun sıradan çıxmasına səbəb həmin ərazidən ağır tonnajlı yük avtomobillərinin intensiv istifadə etmələridir. "Ərazidə yük avtomobilləri Ələt-Astara yolunun təmiri üçün yük daşıyırlar. Ələt-Astara yolunun təmiri üçün Lənkəran və Astara istiqamətindən gətirilən torpaqla dolu yük avtomobilləri bu magistral xətdən keçir. Buna görə də yol qısa müddətdə sıradan çıxdı", - deyə sakinlər bildiriblər.
Rayon sakinləri bildiriblər ki, müvafiq qurumun rəsmiləri Salyan-Biləsuvar yolunun az müddət bu vəziyyətdə olacağını, yük daşımalarının davam etdiriləcəyini deyiblər. "Orda körpü uçmuşdu. Hazırda onu təmir edirlər. Bizdə dedilər ki, iş başa çatandan sonra bu yolun təmirinə başlanılacaq", - deyə sakinlər bildirib.
Sakinlər əlavə etdilər ki, Biləsuvar-Bəhramtəpə yolu Səmədabad kəndinə qədər abadlaşdırılsa da, yolun digər hissəsi "tilsimə" düşüb: "Yolun Səmədabad kəndindən sonrakı hissəsi uzun illərdir təmir edilmir. Bu səbəbdən yolun İmişli rayonunun girəcəyinə kimi hissəsi bərbad vəziyyətdədir".
Bununla yanaşı, Salyan-Şirvan yolu da acınacaqlı durumdadır. Bir müddət əvvəl yolun abadlaşdırılması istiqamətində işlər görülsə də, sonradan yarımçıq saxlanılıb. Sadalananlara Salyan-Sabirabad yolunun Noxudlu kəndindən keçən hissəsini də əlavə etmək olar.