Sağlam bədəndə sağlam ruh olar
10.12.2021 346 0.0 0

Sağlam bədəndə sağlam ruh olarAtalarımız "Sağlam bədəndə sağlam ruh olar" deyiblər. Həqiqətən, insan ruhunun aramlığı və sabitliyi, baş verən hadisələrə psixoloji baxımdan düzgün reaksiya verə bilməsi xeyli dərəcədə fiziki sağlamlıq amilindən asılıdır.

Sağlamlığı pozulmuş şəxs həm bədənində duyduğu bioloji narahatlıq üzündən öz psixoloji müvazinətini itirir, həm də kənardan gələn mənfi rəylərə dözümsüz olur. Buna görə rahat və gözəl həyatın ən əsas şərtlərindən biri fiziki sağlamlıqdır desək, yanılmarıq.

İslam dini həyatın bütün sahələrinə nüfuz edə bilən, hər mövzuda öz hökmlərini təqdim etməyə qadir olan və insanın bütün həyati ehtiyaclarını ödəyən universal bir dindir. İnsan həyatının heç bir sahəsi İslamın diqqət və əhatə dairəsindən kənarda qalmamışdır və qala bilməz. Lakin təəssüf ki, dinimizin bəzi mövzulara münasibəti lazımınca araşdırılmamış və nisbətən kölgədə qalmışdır. Araşdırmaların əksər hissəsi başqa dillərdə olduğu üçün dindarlarımız həmin məlumatlarla tanış olmaq imkanından məhrum qalmışlar. Belə mövzulardan biri də İslam dininin sağlamlığa və idmana münasibətidir.

Dinimiz insanın həm mənəvi, həm də fiziki sağlamlığını mühüm sayır və bu məsələni diqqət mərkəzində saxlayır. İstər Quran ayələrində, istər hədislərdə, istərsə də İslam müqəddəslərinin həyat təcrübəsində fiziki sağlamlığın, fiziki qüvvənin və sağlam həyat tərzinin əhəmiyyəti dönə-dönə vurğulanır.

Qurani-Kərimdə bizlərə nümunə kimi göstərilən müqəddəs şəxsiyyətlərin bir neçəsi məhz fiziki cəhətdən sağlam və güclü insanlar kimi təqdim edilir. Həzrət Musa Peyğəmbərin (ə) Misirdən qaçdıqdan sonra Mədyən diyarında Həzrət Şüeybin (ə) qızları ilə görüşünü ifadə edən Quran ayəsində qızlar Həzrət Musanı (ə) öz atalarına güclü bir insan kimi təsvir edirlər: "Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!" (Qəsəs, 26).

Həzrət Davud Peyğəmbərin (ə) zamanında Bəni-İsrailə hökmdarlıq etmiş Talut da Quranda bu şəkildə tanıtdırılır: "Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir" (Bəqərə, 247).

İslam Peyğəmbəri (s) hər zaman müsəlmanları güclü olmağa və öz güclərini qoruyub saxlamağa həvəsləndirirdi. Bununla o həzrət "...kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin" (Ənfal, 60) ayəsindəki qüvvə toplamaq göstərişini təsdiq etmiş olurdu. Peyğəmbərimiz buyurmuşdur: "(Allah yanında) güclü mömin zəif mömindən daha artıq xeyirli və daha artıq sevimlidir" (Səhih Müslim, Qədər, 34).

Yenə o həzrət buyurmuşdur: "Xoşbəxt o adamdır ki, İslamı qəbul edib, öz dolanışığını təmin edə bilir və qüvvətli bədənə sahibdir".

İmam Əlinin (ə) aşağıdakı hədisi də sağlam və güclü bədənin ilahi nemət olduğunu diqqətə çatdırır: "Sağlamlıq ən üstün nemətdir" (Qürər əl-hikəm, 1050-ci hikmətli kəlam).

Sağlamlıq və qüvvəni öyən hədislərə digər məsum imamların da irsində rast gəlirik. Şəhidlər Sərvəri İmam Hüseyn (ə) müsəlmanlara tövsiyə edirdi: "Siz ömrünüz boyunca sağlam bədənlə yaxşı əməllər etməyə çalışın" (Tühəf əl-üqul, səh. 243).

Peyğəmbərimizin (s) Əbuzərə vəsiyyətində sağlamlıq, itiriləndən sonra qədir-qiyməti bilinən nemətlərdən biri kimi vəsf edilib: "Beş haldan qabaq beş halın qədrini bil: qocalıqdan qabaq cavanlığın, xəstəlikdən qabaq sağlamlığın, kasıblıqdan qabaq varlılığın, məşğulluqdan qabaq bekarlığın və ölümdən qabaq həyatın" (Məkarim əl-əxlaq).

Məlumdur ki, sağlamlığı qorumağın ən səmərəli üsulu müəyyən idman növləri ilə məşğul olmaq, bədəni hərəkətsizlik halından çıxarmaqdır. Təsadüfi deyil ki, sağlamlıq üçün ən faydalı olan bəzi idman növləri ilə məşğul olmaq dinimizdə çox təkid edilir. Hədis mənbələrimizi incələdikcə bu idman növləri ilə bağlı xeyli tövsiyəyə rast gəlirik. Müqəddəslərimiz müsəlmanları bu idman növləri ilə ardıcıl məşğul olmağa həvəsləndirmiş, uşaqları idmana alışdırmağı məsləhət görmüşlər. Hətta İslam tarixində rolu olan bəzi şəxsiyyətlərin müəyyən idman növləri ilə məşğul olması, yarışlara qatılması barədə rəvayətlər vardır. Məqalənin növbəti bölümlərində İslamın bəyəndiyi və dəyər verdiyi idman növlərindən söhbət açacaq, müqəddəslərimizin həmin idman növlərinə münasibəti barədə məlumat verəcəyik./milli.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar