“Hökumətin hesabatına Milli Məclisdə bir gün ayrılması düzgün deyil”.
Məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı sual vermək üçün söz verilmiş deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, yazıla bilənlər danışır, yazıla bilməyənlər isə öz rayonundakı problemi qaldıra bilmir: “Bizim üçün əlçatan tribuna buradır. Hökumət üzvlərinə çıxış imkanımız demək olar ki, yoxdur. Zəng edirik, problem deyirik, deyirlər geri dönəcəyik və s. Burda da elə bil parlament hökumətə hesabat verir, hökumət Milli Məclisə yox. Bir gün çox azdır”.
S. Rüstəmxanlı təklif edib ki, Milli Məclisdə azlıqda olan partiya təmsilçilərinə də söz verilsin.
Spiker Sahibə Qafarova isə bildirib ki, S. Rüstəmxanlı çıxış etmək üçün yazılanlar sırasında 29-cudur, vaxt çatsa, ona da söz verəcək./apa/