Xarici İşlər Nazirliyində daha bir diplomatik qalmaqal yaranıb. Daha bir işdən azad edilən diplomat ölkəyə qayıtmaqdan imtina edir. Eyni zamanda keçmiş əməkdaşlardan sərt ittihamlar gəlib. Nazir Elmar Məmmədyarov məsələ ilə bağlı qəti şəkidə mövqeyini ortaya qoyub. Problemin kökündə nə dayanır?
ANS TV-nin məlumatına görə, Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov səfir Rövşən Cəmşidov haqqında iddialar səsləndirib. Səfirliyin sabiq əməkdaşı ölkə mətbuatına verdiyi açıqlamalarda səfir haqqında bir çox ittihamlar irəli sürüb. Onlardan biri, Rövşən Cəmşidovun virtual katibə saxlaması və ona hər ay 2700 dollar əmək haqqı yazması ilə bağlıdır. Lakin səfirlikdən xaric edilən sabiq əməkdaş digər iddialar da irəli sürüb.
O, səfir və səfriliyin mühasibinin diplomatik üstünlükdən, imtiyazlardan istifadə edərək içki və siqaret biznesinə girişdiyini də bildirib.
Səfir Rövşən Cəmşidov isə işdən qovulan əməkdaşın səfirlik işçiləri və onun haqqında dediklərini böhtan adlandırır:
“Özünün diplomatik xidmətə uyğun gəlmədiyini dərk edən Anar Həsənov son əlac kimi şər-böhtanlara əl ataraq diplomatik uğursuzluğunun səbəblərini ört-basdır etməyə çalışır. Sizə qəribə gəlmirmi ki, Avstraliyadan əvvəl Azərbaycanın Rumıniyadakı səfirliyindən də uzunmüddətli ezamiyyətdən 11 ay sonra o, eyni səbəblərdən geri göndərilib. Bu yaş həddinə çatmış Anar Həsənovun diplomatik xidmətdə irəliləyə bilməməsi Xarici İşlər Nazirliyində kadrların seçiminə diqqətlə yanaşıldığını göstərir. İndi təəssüf edirəm ki, belə bir şəxsə səfirlikdə özünü doğrultmaq şansı verdik”.
Yayılan məlumatlara görə, sabiq səfirlik əməkdaşı Anar Həsənov fəaliyyət göstərdiyi ölkənin rəsmi orqanlarına müraciət edərək sığınacaq istəyib. Belə muraciət edən isə təkcə Anar Həsənov deyil. Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Cəfərov da tutduğu vəzifədən azad edildikdən sonra sığınacaq almaq üçün Hollandiya hökumətinə müraciət edib.
Sabiq konsulun bu cür addım atmasının səbəbləri isə hələlik məlum deyil.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev son günlər diplomatik nümayəndəliklərdəki bu qalmaqallara və diplomatların sığınacaq istəməsinə belə münasibət bildirdi:
“Bir sıra əməkdaşlar var ki, yol verdiklər qusurlara görə tutduqları vəzifədən azad ediliblər. Və qanunvericiliyin tələblərinə uyğun olaraq onlar barəsində müxtəlif intizam tədbirlər görülür. Hər hansı bir əməkdaşa qarşı intizam tədbiri görüldükdən sonra, ailəsini qalma yerini, eləcə də iş yerini seçməkdə sərbəsdir. Məhz buna gərə də bu məsələrə başqa rəng verilməsi qəbul edilməzdir”.
Nazir Elmar Məmmədyarov isə bir qədər əvvələ bəyan etmişdi ki, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirləri görülür və bundan sonra da görüləcək./anspress/