Sabiq müdafiə naziri cəbhədə-FOTO
20.05.2016 1467 0.0 0

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-mayor Dadaş Rzayev və onun müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov cəbhə bölgəsinə səfər edərək şəxsi heyətlə görüşüblər.
Qazeta.info Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki, nazirliyin zabiti polkovnik Abdulla Qurbani görüşlər zamanı qeyd edib ki, nazirliyin qeyri-hökumət, xüsusilə də veteran təşkilatları ilə əlaqələri gündən-günə genişlənir. Birgə keçirilən tədbirlər əsgər və zabitlərin, xüsusi təyinatlı hərbi təhsil müəssisələrin kursantlarının mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun və vətənpərvərlik hissinin daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.
İstefada olan general-mayor Dadaş Rzayev cari ilin aprel ayında dördgünlük savaş zamanı döyüşçülərimizin erməni silahlı təxribatlarının qarşısını alarkən göstərdikləri mərdlik və igidliklərdən danışıb, bir çox əhəmiyyətli yüksəkliklərin azad edilməsindən xalqımız kimi veteranların da qürur duyduğunu və fərəh hissi keçirdiklərini bildirib.

 


O, fəxrlə əsgər və zabitlərin nəzərinə çatdırıb ki, mayın 9-da faşizm üzərində Qələbənin 71-ci ildönümünə həsr olunan anma mərasimində, veteranlarla görüşdə də dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev Ordumuzun aprel ayında qələbəsini xüsusilə qeyd edib. İstefada olan general bütün xalqımız kimi veteranlarımızın da yaşlarının ixtiyar çağlarında Qarabağ uğrunda döyüşlərə atılmağa hazır olduqlarını diqqətə çatdırıb. Gənclərin vətənpərvərlik tərbiyəsində, onların orduya hazırlanmasında bundan sonra da səylərini əsirgəməyəcəklərini vurğulayıb. 
D.Rzayev əminliklə bildirib ki, müdrik və qətiyyətli sərkərdəmiz cənab İlham Əliyevin rəhbərliyi altında istər sülh yolu, istərsə də hərbi yolu ilə işğal altında olan ərazilərimiz tezliklə azad ediləcək və əzəli torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaqdır.
Ehtiyatda olan polkovnik C.Xəlilov çıxış edərək Veteranlar Şurasının Rəyasət Heyətinin bu günlərdə geniş iclas keçirdiyini və aprel döyüşlərində xüsusilə fərqlənən bir qrup hərbi qulluqçunun mükafatlandırılması haqqında qərar qəbul etdiklərini bildirib.

 


Cəbhə bölgəsindəki bütün hərbi hissələri təmsil edən və döyüşlərdə şəxsi şücaət və rəşadət nümunələri göstərən bir qrup hərbi qulluqçu təşkilatın təsis etdiyi və ilk nümunələrinin dövlətimizin başçısına təqdim etdiyi "General Səməd bəy Mehmandarov", "General Əliağa Şıxlinski", "General Cəmşid Naxçınavski", "General Həzi Aslanov" yubiley medalları, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Veteranlar Şurasına bu tədbirə görə minnətdarlığını bildirən birlik komandiri general-mayor Hikmət Həsənov bu diqqət və qayğıya cavab olaraq döyüşçülərimizin bundan sonra da Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanacaqlarını, düşmənin istənilən təxribatlarının qarşısını mərdliklə alacaqlarını xüsusi qeyd edib.
Sonra qonaqlar əsgərlər üçün yaradılan xidmət şəraiti ilə tanış olub və bunun çox yüksək səviyyədə olduğunu etiraf ediblər.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar