"Azərbaycanda dollar bahalaşa bilər. Bunu bu həftə Mərkəzi Bankın açıqladığı məzənnələrdən görmək olur ki, dollar bahalaşır. Yəni dolların məzənnəsi 0,1-0,2 qəpik artır. Ancaq kəskin bahalaşmanın olacağını demək çətindir".
Bu sözləri açıqlamasında iqtisadçı ekspert Samir Əliyev bildirdi.
Onun sözlərinə görə, sabah dollar-manat məzənnəsinin necə olacağını proqnozlaşdırmaq çətindir. Bununla belə manatın məzənnəsi dünya bazarında neftin qiymətinin hərəkət istiqamətinə uyğun müəyyənləşəcək:
"Neft hara getsə, manat da ora gedəcək. Yəni neft 30-40 dollara (bu 45 dollar da ola bilər) qədər ucuzlaşsa, ikinci devalvasiya qaçılmazdır. Bu halda manat ən azı 20% ucuzlaşacaq. Neft 70 dollar həddini keçsə, manatın bahalaşması baş verə bilər. İndiki səviyyədə, yəni 50-60 dollar səviyyəsində qalsa, bu halda yumşaq ucuzlaşma olacaq. Fikrimcə, ilin sonuna kimi manat dəyərini ən azı 10% itirəcək. Elman Rüstəmov da əslində kəskin devalvasiya olmayacağını deyəndə, idarəolunan üzən məzənnə siyasətinə keçidi elan edəndə bunu nəzərdə tuturdu. Ona görə də bundan sonra manatın məzənnəsinin zəif də olsa “üzdüyünü” müşahidə edəcəyik".
Qeyd edək ki, dolların növbəti dəfə kəskin bahalaşacağı ilə bağlı xəbərlər yayılıb. Bu səbəbdən də Bakıda valyutadəyişmə məntəqələrinin əksəriyyəti bağlanıb.
Valyutadəyişmə məntəqəsində çalışanlar sabah dolların 10 qəpik bahalaşacağın bildiriblər./anspress/