Saakaşvilini saxlayaraq naməlum istiqamətə aparıblar
12.02.2018 763 0.0 0

Ali Radanın deputatı: Naməlum şəxslər onu Kiyevdəki "Suluquni" restoranının yaxınlığında saxlayıblar.

 

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyev şəhərində saxlanılıb.

Rusiya mediasına istinadla xəbər verilir ki, bunu Saakaşvilinin tərəfdarı, Ukrayna Ali Radasının deputatı Yuri Derevyanko bildirib.

"Naməlum şəxslər onu Kiyevdəki "Suluquni" restoranının yaxınlığında saxlayıblar" — deyə Derevyanko bildirib.

Onun sözlərinə görə, Saakaşvilini saxlayanlar xüsusi təyinatlılar olub. Amma Radanın deputatı Saakaşvilinin hara aparıldığını bilmir.

Bu məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin kolleqa üzvü Anton Geraşenko da təsdiqləyib. 

 

Vəkil Pavel Boqomazov Saakaşvilinin sərhəd xidməti tərəfindən saxlanıldığını bildirib. Amma o da siyasətçinin hara aparıldığından xəbərsizdir.

"Saakaşvilinin saxlanılmasında qanunsuzluq izləri var, bütün bunlar qanunsuz baş verib, çünki onun saxlanılması üçün heç bir əsas yox idi" — deyə siyasətçinin digər vəkili Ruslan Çernolutski bildirib.

Ukraynada ötən ilin sentyabrında Saakaşviliyə qarşı Polşa-Ukrayna sərhəddini qanunsuz keçmə ittihamı ilə cinayət işi açılmışdı.

Oktyabrın sonlarında isə Miqrasiya Xidməti Saakaşviliyə əlavə qorumaya ehtiyacı olan şəxs statusu verməkdən imtina etmişdi. Məhkəmə bu qərarı qanuni saymışdı. Saakaşvili qərardan şikayət etsə də, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdı. Siyasətçinin müdafiə tərəfi Ukrayna Ali Məhkəməsinə kassasiya şikayəti vermişdi.

Bu il fevralın əvvəllərində isə ədliyyə naziri Pavel Petrenko bəyan edib ki, baş prokurorluq Saakaşvilinin ekstradisiyası ilə bağlı müvafiq işləri davam etdirir.

Bu günlərdə Kiyev məhkəməsi M. Saakaşvilinin qaçqın statusu almaqla bağlı apellyasiya şikayətini də rədd edib./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar