Gürcüstanda müdafiə naziri İrakli Alasaniyanın vəzifəsindən kənarlaşdırılması ilə başlanan istefa dalğası gənclər və idman naziri Levan Kipianinin də tutduğu postdan uzaqlaşması hökumətin qüvvədən düşməsinə gətirib çıxartdı. Gürcüstan iqtidarı bir həftə ərzində yeni Nazirlər Kabineti qurmalıdır.
ANS TV-nin Gürcüstan bürosunun məlumatına görə, gənclər və idman naziri Levan Kipiani Gürcüstan hökumətində vəzifəsindən istefa verən 7-ci nazir oldu. Ölkə konstitusiyasına görə hökuməti təşkil edən 20 nazirdən 1/3-i istefaya yollanarsa, yeni hökumətin qurulması məcburiyyəti ortaya çıxır.
Yaranmış vəziyyəti şərh edən Baş nazir İrakli Qaribaşvili bunu demokratik proses adlandırıb:
“Tərtib edəcəyim yeni Nazirlər Kabineti siyahısında hazırda vəzifədə olan bütün nazirlər yer alacaq. Parlamentdən və prezidentdən bu siyahının ən qısa zamanda təsdiqlənməsini xahiş edirəm”.
Yeni hökumətin təsdiqlənməsi üçün parlament bir həftə ərzində etimad səsverməsini həyata keçirməlidir. Parlamentdəki çoxluğu Qaribaşvilinin rəhbərlik etdiyi “Gürcü arzusu”nun üzvləri təşkil etdiyinə görə onun yenidən baş nazir olacağı gözlənilir. Parlamentin qərarına keçmiş baş nazir Bidzina İvanişvilinin de təsir edəcəyi deyilir.
Politoloq Qela Vaşadzenin sözlərinə görə, parlament Bidzina İvanişvilinin istənilən qərarını təsdiq edəcək: "Sadəcə ona görə ki, onlar ideya ətrafında yox, İvanişvilinin pulları ətrafında birləşiblər. Digər tərəfdən “Gürcü arzusu”nun Gürcüstan prezidenti Marqvelaşvili ilə ciddi problemi yarana bilər. Onlar nə dərəcədə danışıqlar apara biləcəklər, rusiyalı oliqarx İvanişvili faktiki olaraq hakimiyyətə gətirdiyi Marqvelaşviliyə nə dərəcədə təsir edə biləcək, bax bu, Gürcüstanın siyasi həyatındakı başlıca qalmaqaldır”.
Müxalifət partiyaları isə yaranmış vəziyyətdə etimadı itirən hazırkı iqtidarın hakimiyyətdən tamamilə əl çəkməsini tələb edirlər.
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də ölkəsində hökm sürən siyasi duruma münasibət bildirib:
“Gürcüstan xalqı üçün bu bir təcrübə idi ki, nəyin pis, nəyin yaxşı olduğunu, nəyi itirə biləcəyini başa düşsün. İnsanlar anladı ki, bir neçə il öncə əldə etdikləri yüksək inkişaf tempini, yaxşılaşmış həyat şəraitini itirib. Gürcüstan xalqı elə guman edirdi ki, yeni hökumətdə bunları saxlamaqla yeni nəsə əldə edəcəklər. Ancaq onlara məlum oldu ki, hər şey əldən gedə bilər. Hazırda Gürcüstan xalq ayılma mərhələsindədir”.
Gürcüstan parlamentinin yeni baş nazir və Nazirlər Kabinetini göstərilən vaxt ərzində, yəni bir həftə içində təsdiqləməyəcəyi halda prezident mövcud parlamenti ləğv edib erkən seçkilər keçirilməsini istəyə bilər./anspress/