“Bəşər Əsədin qarşısında iki yol var: “Ya o könüllü şəkildə istefaya gedəcək, yada ki hakimiyyəti devriləcək”.
Məlumata görə, bu fikirləri Səudiyyə Ərəbistanı Xarici İşlər Naziri Adel əl- Cubeyr deyib. Nazir ehtimal edir ki, Əsəd koalisiya qüvvələrinin səyi nəticəsində öz postunu tərk edəcək.
CNN telekanalına müsahibəsində diplomat bildirib ki, Bəşər Əsəd istənilən halda öz vəzifəsini tərk edəcək və ya istefa verəcək: "Biz Suriya böhranının siyasi nizama salınmasında təkid edirik. Ancaq əgər bu mövzuda vəziyyət dalana dirənəcəksə bu, yalnız “inadçı” Bəşər Əsəd və onun müttəfiqlərinin günahı ucbatından baş verəcək. Belə olan halda isə problemin güc yolu ilə həllindən başqa çıxış yolu qalmayacaq”, -deyə nazir bildirib.
Əl-Cubeyr həmçinin qeyd edib ki, Ər-Riyad Suriya ərazisinə Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi koalisiyanın tərkibində quru qoşunlar göndərməyə hazırdır.
Adel əl- Cubeyr
Ötən gün İŞİD əleyhinə əməliyyatlarda iştirak etmək üçün Səudiyyə Ərəbistanı döyüş təyyarələri Türkiyənin “İncirlik” aviabazasına gəlib.
İki gün əvvəl Bəşər Əsəd "Frans Press" agentliyinə müsahibəsində Türkiyə və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Suriyaya hücumunun istisna edilmədiyini bildirib. O, ölkəsinin tamamilə azad olunana qədər terrorçularla mübarizəni davam etdirəcəyini də bəyan edib.
Suriyada 2011-ci ildən silahlı münaqişə davam edir. Birləşmiş Millətlər Təşkilatının verdiyi açıqlamalara görə, indiyə qədər münaqişə zəminində 220 mindən çox insan həlak olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, Bəşər Əsədin əli 400 min insanın qanına bulanıb./anspress/