Səudiyyə Ərəbistanının hərbi aviasiyasınin Yəmənin Ədən şəhərini bombalaması nəticəsində mülki adamlar ölüb.
Məlumata görə, hava hücumu nəticəsində 30-a yaxın Yəmən vətəndaşının öldüyü bildirilir. Hücumlar BMT rəsmisinin Huti üsyançıları ilə atəşkəs planı barədə danışıqlar aparmaq üçün paytaxt Sənaya çatdığı vaxta təsadüf edir.
Beynəlxalq atəşkəs razılığı səylərinə baxamyaraq, hökumət qüvvələri ilə Hutilər arasında zorakılıq və eləcə də Riyadın 3 aydır davam edən hava hücumları kampaniyası nəticəsində ölənlərin sayı durmadan artır.
"Biz böhranla bağlı sülh qətnaməsinin əldə olunması istiqamətində səylərimizi intensivləşdiririk. Həqiqət bundan ibarətdir ki, bu böhran Yəmən xalqı üçün humanitar fəlakətdir" - deyə BMT nümayəndəsi İsmayıl Ould Şeyx Əhməd Sənaya çatan zaman bildirib.
Hutilər 2014-ci ilin sonundan bəri ölkənin bəzi hissələrinə nəzarəti ələ alıb və bu, aylardır davam edən qarşıdurmalara və beynəlxalq ictimaiyyət tərəfindən tanınan prezident Əbdu Rabu Mənsur Hadinin ölkədən qaçmasına yol açıb.
Ould Şeyx Əhmədin Yəmənə səfəri keçən həftə mühacirətə qaçmış hökumət üzvləri ilə Riyadda keçirilən görüşlərdən sonraya təsadüf edir./anspress/