Tərtər özünümüdafiə batalyonunun sabiq komandiri, Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidov dünyasını dəyişib.
Qazeta.info anspress-in məılumatına əsasən bildirir ki, bu barədə onun yaxınları məlumat verib. Fevralın 28-də səhər saatlarında qəfildən halı pisləşdiyi üçün Sərdar Həmidov ağır vəziyyətdə 1 saylı Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib, axşam saatlarında isə o, dünyasını dəyişib.
S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.
Sərdar Həmidov sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşıdır. 1992-1994-cü illərdə Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidovun xidmətləri nəticəsində Tərtər rayonu ərazisi düşmən hücumlarından müdafiə edilib. Ağdərə rayonunun düşməndən azad edilməsi prosesində, döyüşlərin taktikasının hazırlanması və hərbi əməliyyatların aparılmasındakı xidmətlərindən dolayı Sərdar Həmidova prezident Fəxri Fərmanı verilmişdi.
Bu döyüş taktikası nəticəsində Ağdərə rayonunun bir neçə kəndi, o cümlədən ən böyük qəsəbəsi olan Mərgüşəvan erməni silahlı bölmələrinin işğalından azad edilərək Tərtər rayonunun ərazisinə daxil edilib.
Allah rəhmət eləsin!