«Sən nə iyrənc qadınsan!» – SON DEBAT
20.10.2016 682 0.0 0

ABŞ prezidentliyə namizədlər – respublikaçı Donald Tramp və demokrat Hillari Klinton son dəfə canlı yayımda üz-üzə gəldilər.

Qazeta.info Publika.az istinadən xəbər verir ki, Las-Veqasda keçirilən görüşdə namizədlər bir-birinə ağır təhqirlər ediblər.

Rəqiblər daha əvvəlki debatlardan fərqli olaraq, bu dəfə bir-biri ilə qucaqlaşmadan yerlərinə keçiblər. Saat yarım davam edən debatda namizədlər təhlükəsizlik, iqtisadiyyat və xarici siyasət kimi məsələlərini müzakirə ediblər.

“Nə qədər iyrənc qadınsan”

Tramp bildirib ki, seçkilərin nəticələrini tanımaya bilər: “Seçkilər saxtalaşdırıla bilər. Nəticələri qəbul etməyə bilərəm”.

Klinton namizədlərin seçkilərin nəticələrini qəbul etməsinin ABŞ demokratiyasının təməl daşlarından biri olduğunu bildirib.

Müzakirələrdə keçən həftə dərc olunan və Trampın 2005-ci ildə qadınlarla əlaqədar “ədəbsiz” və “kobud” ifadələrinin yer aldığı audioyazı da gündəmə gəlib. Respublikaçı milyarder Klintonun bir çox qadından ona böhtan atması üçün istifadə etdiyini, hətta onlara pul verdiyini iddia edib. Trampın “Sən nə qədər iyrənc bir qadınasan” sözləri debata damğasını vurub.

“Sən Putinin kuklasısan”

Klinton isə “Wikileaks”in ona qarşı dərc etdiyi sənədlərdən danışıb. Keçmiş dövlət katibi Rusiyanın ABŞ-dakı seçkiləri sabotaj etməyə çalışdığını və Trampun Rusiya prezidenti Vladimir Putinin bir kuklası olduğunu söyləyib.

“Putin səndən və Barak Obamadan daha ağıllıdır. Bunu dəfələrlə göstərdi. Bunu Suriya və bir çox beynəlxalq arenada göstərdi”, - Tramp onun cavabını verib.

Milyarder Klintonun prezident olacağı halda Barak Obama dövrünün daha 4 il davam edəcəyini, bunun ölkənin daxili və xarici siyasəti üçün bir fəlakət olacağını iddia edib.

Obamanın İraq siyasətini sərt şəkildə tənqid edən Tramp İraqın İrana təslim edildiyini, İranın yaxın vaxtlarda bunun üçün təşəkkür məktubu göndərəcəyini bildirib. Trampın Barak Obamanın hakimiyyət dövrünü “Obama rejimi” kimi xarakterizə etməsi də debatda diqqət çəkib.

Meksika sərhədində divar

Namizədlər debatda ölkə sərhədlərinin təhlükəsizliyi mövzusuna da toxunublar.

Meksika sərhədində divar inşa edəcəyini söyləyən Tramp ABŞ-ın cənub sərhədlərindən edilən qeyri-qanuni girişlərin ölkənin təhlükəsizliyi üçün böyük bir təhdid olduğunu bildirib.

“Meksika sərhədlərində təhlükəsizliyi artırmalıyıq. Buradan gələn təhlükə amerikalı ailələrin həyatlarını təhdid edir”, - o, deyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar