Səlim Müslümov Naxçıvanda olub
13.02.2015 794 0.0 0

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov  Naxçıvan Muxtar Respublikasında olub. Həmin gün S.Müslümov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.  
   Görüşdən Qazeta.infoya verilən məlumata görə V.Talıbov xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu və Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilən müstəqil Azərbaycanın uzunmüddətli tərəqqi strategiyasının Naxçıvan MR-də uğurla icra olunduğunu, həyatın bütün sahələrində mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb. V.Talıbov bildirib ki, bir neçə gün öncə, fevralın 9-da yaradılmasının 91 illik yubileyi qeyd edilən Naxçıvan MR iqtisadi və sosial həyatın bütün sahələrində dinamik inkişafa nail olub və makroiqtisadi sabitlik ilbəil qorunub saxlanılır. Son on ildə əhalinin gəlirlərində 10 dəfədən də çox artım qeydə alınıb. Eyni zamanda, son on ildə əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 55 dəfədən çox artıb, yoxsulluq səviyyəsi 35,1 faizdən 4,5 faizə enib. 
   Ali Məclisin sədri əmək və əhalinin sosial müdafiəsi sahəsində Azərbaycanda aparılan islahatların Naxçıvan MR-də də yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb. V.Talıbov bildirib ki, MR-də bütün işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin tam rəsmiləşdirilməsinə, bütün iş yerlərində, o cümlədən özəl müəssisələrdə işçi hüquqlarının təminatına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunmasına dövlət nəzarətinin təmin edilməsi diqqətdə saxlanılır. Muxtar respublikada əhalinin səmərəli məşğulluğunun inkişafına yönələn tədbirlər davam etdirilir, işçi qüvvəsinin iqtisadiyyatın inkişafına, əmək bazarının tələblərinə uyğun keyfiyyətcə yüksəldilməsi, həmçinin sosial cəhətdən həssas qrupların, o cümlədən  əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi üçün məqsədyönlü işlər aparılır. 
   S.Müslümov blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan MR-nın bütün sahələrdə  əldə etdiyi tarixi nailiyyətlərin, beş min illik şəhər mədəniyyəti olan Naxçıvanın bu günkü dinamik inkişafının, burada aparılan davamlı və genişmiqyaslı tikinti-quruculuq işlərinin qürurverici olduğunu vurğulayıb. Nazir bildirib ki, ulu öndərimiz Heydər Əliyevin  müdrik siyasi kursunun və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasətinin Naxçıvan MR-da yüksək səviyyədə icrası muxtar respublikanın bu uğurlarını, onun hərtərəfli və sürətli tərəqqisini təmin edir: “Cənab Prezidentin Naxçıvan MR-in 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə qeyd etdiyi kimi, “bu gün Naxçıvan sözün əsl mənasında inamla, uğurla inkişaf edir””. 
   S.Müslümov qeyd edib ki, muxtar respublikada iqtisadi və sosial əhəmiyyətli mühüm infrastruktur layihələrinin icrası, davamlı müasirləşmə, əksər ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi, ixrac potensialının genişlənməsi, sosial rifah halının daim yüksəlməsi, əhali sakinliyi və demoqrafik proseslərdə müsbət meyllərə malik olması onun mühüm inkişaf göstəriciləridir. Ümumən Azərbaycanın özünəməxsus inkişaf modelinə uyğun olaraq, Naxçıvan MR-də də mühüm iqtisadi nailiyyətlər eyni zamanda güclü sosial siyasətlə, əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi ilə müşahidə olunur: “Xüsusilə qeyd edilməlidir ki, bu gün Naxçıvan MR bütün sahələrdə, eyni zamanda əmək və sosial müdafiə sahəsində mütərəqqi islahatların uğurla həyata keçirildiyi bir məkan kimi də diqqəti cəlb edir”. Nazir son illərdə ölkədə əmək münasibətlərinin elktron müstəvidə şəffaflaşdırılması, sosial təminat və tibbi-sosial təminat sisteminin avtomatlaşdırılması sahəsində aparılan islahatların bu sahələrdə əhaliyə şəffaf və müasir iş mexanizmləri üzərində keyfiyyətli xidmətlər göstərilməsinə yönəldiyini bildirib. 
   Görüşdə Naxçıvan MR-də əmək və sosial müdafiə sahələrində görülən işlərə, aparılan islahatlara dair fikir mübadiləsi aparılıb. 
   Daha sonra S.Müslümov Naxçıvan MR-rə səfəri çərçivəsində Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. Müasir tələblər səviyyəsində tədris və xidmət şəraitinin mövcud olduğu Mərkəzd'n Naxçıvan şəhəri daxil olmaqla muxtar respublikanın 7 rayonunda yaşayan məhdud fiziki imkanlı insanlar istifadə edə bilir. İkimərtəbəli mərkəzdə kompyuterlə təchiz olunmuş tədris otaqları, subtitrli filmlərin nümayiş olunduğu kinozal, audiostudiya, istirahət otağı, iclas zalı və s. fəaliyyət göstərir. Burada gözdən əlil və görmə qabiliyyəti zəif olan insanların Brayl monitorları ilə internetə daxil olaraq informasiya əldə etmələri və  informasiyanı Brayl printerləri ilə çap etmələri, həmçinin Brayl şriftli kitablardan ibarət guşədə xüsusu avadanlıqlarla hər hansı məlumatı kompyuterə köçürüb səsləndirmələri və s. üçün lazımi şərait vardır. Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə şəhərində və Yevlax rayonunda da məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzləri yaradılıb. 
   Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də olan S.Müslümov nazirliyin fəaliyyəti, iş şəraiti  ilə yaxından tanış olub. Nazirlik tərəfindən sosial müdafiə sisteminin təkmilləşdirilməsi, iş sahələrində şəffaflığın təmin olunması, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi,  əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi və digər sahələrdə görülən işlər müzakirə edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar