Səhiyyə Nazirliyi «Donuz qripi» ilə bağlı əhaliyə müraciət edib
15.01.2016 535 0.0 0

Səhiyyə Nazirliyi “donuz qripi”nə qarşı əhali arasında maarifləndirmə işini davam etdirir.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bu məqsədlə “donuz qripi”nə qarşı özünü qorumaq üçün əhalinin bilməsi zəruri olan tövsiyələri əks etdirən broşur hazırlanıb.
 
Bildirilir ki, “donuz qripi”nə qarşı qorunmaq üçün xəstə görünən, hərarəti olan və öskürən şəxslərlə təmasda olmamalı, tez-tez əllərini sabunla yumalı, sağlam həyat tərzi keçirməli, kifayət qədər yatmalı, yaxşı qidalanmalı və fiziki aktiv olmalıdır.
 
“Evdə xəstəyə baxarkən xəstəni digər ailə üzvlərindən təcrid etmək (ən azı 1 metr məsafədə saxlamaq), xəstə ilə təmasda olarkən ağız və burunu maska ilə örtmək, xəstənin istifadə etdiyi məişət əşyalarını təmiz yumaq, xəstə ilə hər bir təmasdan sonra əlləri təmiz yumaq, xəstə olan otağın havasını mütəmadi olaraq dəyişmək, xəstənin olduğu mühiti kifayət qədər təmiz saxlamaq lazımdır” – deyə broşurda qeyd olunub.
 
Broşurda o da qeyd olunub ki, əgər xəstədə hərarət, ümumi halsızlıq, öskürək və ya boğaz ağrısı olsa, mütləq evdə qalın işlədiyiniz yerə və ya təhsil müəssisəsinə getməkdən, habelə kütlə ilə təmasdan çəkinin, kifayət qədər istirahət edin və çoxlu miqdarda maye qəbul edin, öskürdükdə və ya asqırdıqda ağzınızı və burnunuzu birdəfəlik tənziflə örtün, silin və bu tənzifi ayrıca zibil qutusuna atın, mütəmadi olaraq, xüsusilə öskürdükdə və ya asqırdıqda əllərinizi sabunla təmiz yuyun, insanlarla təmasa girməmək üçün ailə üzvlərinizə və yaxınlarınıza xəstəliyiniz haqda məlumat verin: “Xəstəliyin ilk simptomları baş verdikdə sahə həkiminə evə çağırış edin. Ağır vəziyyətdə və ya işdən kənar vaxtda təcili tibbi yardıma müraciət edin”.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar