Şəhidin medalı oğluna təqdim olundu
21.07.2015 539 0.0 0

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhid İqbal Sərraf oğlu Əhmədovun anadan olmasının 35 illiyi ərəfəsində doğulduğu rayonda anma mərasimi keçirilib. Bir gün öncə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə Lənkərana ezam olunmuş Müdafiə Nazirliyinin nümayəndəsi şəhidin ailəsi ilə görüşüb, onların problem və qayğıları ilə maraqlanıb, nazirin bayram sovqatını şəhid zabitin ailəsinə təqdim edib.
Qazeta.info Müdafiə Nazirliyinə istinadən bildirir ki, tədbir iştirakçıları əvvəlcə Aşağı Nüvədi kəndində baş leytenant İqbal Əhmədovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Hərbi qulluqçular və rayon ictimaiyyətinin nümayəndələri çıxış edərək şəhid haqqında xatirələrini bölüşüblər. Kəndin axundu Hacı Asəf təkcə Aşağı Nüvədidən altı şəhidin olduğunu böyük iftixar hissi ilə dilə gətirərək kəndin hər bir sakininin bu gün də Vətən torpaqları uğrunda şəhidliyə hazır olduğunu bəyan edib. 
Heydər Əliyev Mərkəzində davam edən anma mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmisi Əlimərdan Əliyev çıxış edərək lənkəranlıların bütün dövrlərdə hərbi peşələrə böyük maraq göstərdiklərini, Vətənə və xalqa sədaqətlə xidmət etdiklərini bildirib. O, qeyd edib ki, təkcə Lənkəran rayonundan 200-dək həmyerlimiz Qarabağ uğrunda döyüşlərdə, dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında şəhidlik zirvəsinə ucalıb, beş nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb, onlarla gəncimiz orden və medallar ilə təltif olunub. Hazırda Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növlərində, birlik, birləşmə və hərbi hissələrində yüzlərlə lənkəranlı gənc Vətənə borcunu şərəf və vicdanla yerinə yetirir. Xüsusi təyinatlı təhsil müəssisələrində rayonumuzdan olan kursantların sayı ilbəil artmaqdadır. Bu gün də tutduğu vəzifəsindən, yaşından asılı olmayaraq hər bir lənkəranlı Azərbaycan naminə, Qarabağ uğrunda Ali Baş Komandanın əmrinə müntəzirdir. 
Respublikanın Xalq Artisti, Qabil Quliyevin şəhidlərin xatirəsinə “Rekviem-poema”sı təqdim olunduqdan sonra onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani bu kimi anma mərasimlərinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını, Müdafiə Nazirliyi rəhbərliyinin bu istiqamətdə tədbirlərin təşkilinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Sonra o, Azərbaycan Respublikasının Prezidenti adından Müdafıə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə baş leytenant İqbal Sərraf oğlu Əhmədovun ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını şəhidin oğlu Kənanın yaxasına sancıb. Səkkiz yaşlı şəhid oğlunun atasının əvəzindən “Azərbaycan Respublikasına xidmət edirəm!” və qızı Fatimənin “Biz atasız da böyüyəcəyik, təki Vətən sağ olsun!” sözləri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. 
Milli Məclisin Sosial siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli ordu quruculuğunun Ali Baş Komandanımızın Prezident kimi fəaliyyətində əsas prioritet məsələlərdən olduğunu, Silahlı Qüvvələrimizin dünyanın güclü orduları sıralarına yüksəldiyini vurğulayıb. Bildirib ki, Müdafiə nazirinin sorağının tez-tez cəbhə bölgələrindən gəlməsi, ön səngərdə əsgərlərlə görüşləri, onlarla birlikdə bir süfrə ətrafında çörək kəsməsi, yeni hərbi obyektlərin, şəhərciklərin açılışlarında iştirakı, xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırması hər bir Azərbaycan vətəndaşında ordumuzun tezliklə düşmən üzərində qələbə çalacağına inamını daha da artırır. 
Şəhər icra hakimiyyəti başçısının müavini İlkin Rəhimov, şəhid anası Kəsirə xanım, Aşağı Nüvədi kənd orta məktəbinin müəllimi Hökmulla Əhmədov, şəhidin qardaşı İdrak Əhmədov və başqaları çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 
Tədbirdə iştirak edən hərbi qulluqçular Ali Baş Komandanın hər bir əmrinə daim hazır olacaqlarına və şəhidlərimizin intiqamını tezliklə alacaqlarına and içiblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar