Cəbhə xəttində yaşanan gərginlik fonunda Ermənistan tərəfi mütəmadi olaraq cəbhəyani rayonlarımızda mülki şəxsləri hədəf alır.
ANS TV-nin məlumatına görə, ötən gün cəbhə xəttində ağır itki verən Ermənistan silahlı birləşmələri yenidən mülkü sakinləri hədəf alıb.
Qarşı tərəf milli ordumuzun mövqeləri ilə yanaşı cəbhəyani kəndləri də atəşə tutub. Erməni hərbi birləşmələrinin yüngül artelleriya silahlarından istifadə etməsi nəticəsində mərmi Ağdam rayon sakini Bəhram Bağırovun yaxınlığında partlayıb.
Ağır qəlpə yaraları alan Bəhramı xəstəxanaya çatdırılmaq istəsələr də onun həyatını xilas etmək mümkün olmayıb.
Əslən rayonun işğal altındakı Muğanlı kəndindən olan 39 yaşlı Bəhram Bağırovun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə aparılıb.
Oradan Ağdamın Xındırıstan kənd məscidinə gətirilən meyit daha sonra rayonun Baharlı qəsəbəsində məskunlaşan ailəsinə təhvil verilib.
Mərhum Bəhram Bağırov ailəli olub iki övladı var.
Xatırladaq ki, bir gün əvvəl erməni silahlı qüvvələrinin atəşkəsi pozmasından sonra Azərbaycan ordusunun raket artelleriya zərbəsi nəticəsində 4 hərbi qulluqçusu məhv edilib, 16 nəfər isə ağır yaralanıb.
Azərbaycan Müdafiə Nazirliyi bir daha bəyan edir ki, cəbhədə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür./anspress/