Suriyanın şimalında İŞİD bəhanəsi ilə PKK-nın qolu olan PYD-ni yerləşdirən ABŞ eyni ssenarini İraqda Mosul şəhərində tətbiq etməyə hazırlaşır.
Qazeta.info Publika.az-a istinadla xəbər verir ki, əhalisinin sünni ərəblər, türkmanlar və kürdlərdən ibarət olduğu şəhərin İŞİD-dən xilas edilməsinə hazırlaşan ABŞ Türkiyəni əməliyyatlından kənarda saxlamaq üçün şiə milislərlə PKK terrorçularından istifadə etməyi düşünür. Bölgədə böyük fırtınanın başlaması üçün planlar hazırlanır.
“Yeni Şafak” qəzeti ABŞ zabitlərinin PKK və şiə milislərə təqdim etdikləri planın detallarını əldə edib.
Plana görə, Mosulun xilası üçün İŞİD-lə şiələrdən ibarət olan Haşdi Şabi birliyi mübarizə aparacaq. Türkiyənin Başika düşərgəsində təlim keçdiyi sünnilərdən ibarət Haşdi Vatani isə əməliyyata buraxılmayacaq.
Hücuma İraq ordusunun rəhbərliyi altında toplanacaq 25 min şiə milis və 3500-ə yaxın PKK-çı cəlb olunacaq.
İŞİD üç həftə içində Mosuldan Telafer şəhərinə doğru qovulacaq. Terrorçular türkmanların yaşadığı şəhərə doğru göndəriləndən sonra Mosul şiə milislər və PKK-çıların nəzarətinə keçəcək. Daha öncə Felluca və Tikritdə baş verən sünni qətliamının oxşarı Mosulda da törədiləcək. Beləliklə, Mosulun sünni əhalisi məcbur qalıb 65 kilometr uzaqlığındakı Telaferə köçəcəklər.
İŞİD Telaferə daxil olandan sonra ABŞ təyyarələri terrorçularla mübarizə bəhanəsi ilə şəhəri bombalayacaq. Telaferdə yaşayan 450 min türkman da terrorçulara dəstək vermək ittihamı ilə üzləşəcək və ABŞ təyyarələri onların çıxmasına imkan vermədən şəhərə hücum edəcək.
İraq Türkman Cəbhəsinin başqanı Erşat Salihi böyük xaosun yaşayanacağını bildirib: “ABŞ-ın bu planı nəticəsində ən az 1,5 milyon iraqlı evini-yurdunu tərk etmək məcburiyyətində qalacaq.”
Məlumata görə, Pentaqon İraqda PKK üçün hazırladığı koridorla Şimali İraq Kürd Muxtariyyətinə də təzyiq etməyi düşünür. Belə ki, Şenqal-Mahmur-Kərkükdən Hanekinə qədər uzanan koridor PKK-ya verilib. Bu koridora Telafer və Mosulu da qatmaq istəyirlər. Bu, ABŞ-ın xaos planıdır.
Telaferdəki türkmanlar isə Türkiyəni köməyə çağırırlar. Onlar 1500 döyüşçü toplaya biləcəklərini, Türkiyənin dəstəyi ilə vuruşa biləcəklərini qeyd edirlər.
Türkiyə mediasının məlumatına görə, böyük savaş artıq qapıdadır və Ankara Mosula müdaxilə edəcək. Əməliyyatın noyabrın sonlarında baş tutacağı deyilir.