Malayziya polisi paytaxt Kuala-Lumpurda yerləşən Koreya Xalq Demokratik Respublikasının səfirliyinin binasını möhürləyib.
Qazeta.info Publika.az-a istinadla xəbər verir ki, bu haqda Malayziya daxili işlər nazirinin müavini Nur Məhəmmədə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, polis tərəfindən mühasirəyə alınan səfirliyin işçilərinə binanı tərk etmək qadağan olunub. “Biz səfirliyin içəridəki bütün əməkdaşlarının şəxsiyyətlərini müəyyən etməyə çalışırıq”, - nazir müavini qeyd edib.
Daha əvvəl isə Koreya Xalq Demokratik Respublikası Malaziya vətəndaşlarına ölkəni müvəqqəti tərk etməyi qadağan edib. Eyni addımı Şimali Koreyalılar barəsində Malayziya hökuməti atıb.
Malayziyanın baş naziri Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb. Həmçinin Malayziya hakimiyyəti Koreya Xalq Demokratik Respublikasının səfirini arzuolunmaz şəxs elan edib. Səfir ölkəni tərk edib.
Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın qardaşı Kim Çen Namın fevralın 13-də Kuala-Lumpur aeroportunda öldürülməsindən sonra pisləşib. Malayziya polisinin rəhbəri bildirib ki, cinayət işi ilə bağlı axtarılan Şimali Koreyanın üç vətəndaşı Koreya Xalq Demokratik Respublikasının səfirliyində gizlənir.