Səfir: Güclü Azərbaycan güclü Türkiyə deməkdir
12.07.2017 740 0.0 0

 "Keçən il iyulun 15-də Türkiyədə dövlət çevrilişi etməyə cəhd göstərənlər, sadəcə, Pensilvaniyada yaşayan bir nəfərin əmrini yerinə yetirib. Amma həmin gün Türkiyə xalqı prezidenti ilə birlikdə əsl birlik nümayiş etdirdi. Türkiyə xalqı əsl demokratiya dərsi nümayiş etdirdi".

Məlumata görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyədə dövlət çevirilişinə cəhdin ildönümünü ilə əlaqədar təşkil etdiyi mətbuat konfransında deyib.

Səfir əlavə edib ki, dövlət çevrilişi cəhdindən sonra Türkiyə xalqı hökumətə cəmiyyəti xainlərdən təmizləməkdə yardım edib.

İqtisadiyyata toxunan E.Özoral bir il sonra Türkiyə iqtisadiyyatının zəifləmədiyini, amma güclənmədiyini də bildirib: "Bundan başqa, Türkiyə ordusu Suriyada terrorçulara qarşı uğurla mübarizə aparır. Bu gün Türkiyə ordusu ölkənin və Suriyanın təhlükəsizliyi üçün hər şeyi edir. Ötən dövrdə yüzlərlə terrorçu məhv edilib".

O, FETÖ qruplaşmasının yalnız Türkiyədə yox, həm də digər ölkələrdə mövcud olduğunu bildirib.

"FETÖ qruplaşmasının tam zərərsizləşdirildiyini demək olmaz. İndi bir il əvvəlkinə baxanda təhlükə elə də ciddi deyil. Amma qrupun kökü məhv edilməyincə təhlükənin tam aradan sovuşduğunu söyləmək olmaz", - E.Özoral vurğulayıb.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə prezidentinə ilk zəng edib dəstək verənlərdən olduğunu xatırladıb: "Bununla əlaqədar Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Güclü Azərbaycan güclü Türkiyə deməkdir. Biz terrorla mübarizədə birgə səylər göstəririk. Lakin təəssüf ki, bu gün bir sıra ölkələr terrorçulara dəstək və sığınacaq verir. Amma bu ölkələr bilməlidir ki, bir gün terrorçular onlara da zərbə vuracaqlar".

E.Özoral dövlət çevrilişinin qarşısını almağa çalışarkən həyatını itirən 255 nəfər arasında bir azərbaycanlının olduğunu xatırladıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar