“Son vaxtlar erməni diasporu Ukraynada çox aktivləşib və bu, bizim üçün bir siqnaldır”. Məlumata görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu gün Kiyevdə “Ukraynada Azərbaycan diasporunun lobbiçilik fəaliyyətinin önəmi və iş adamlarının diaspora inteqrasiyası” mövzusunda keçirilən Ümumukrayna Azərbaycanlılarının IV Forumunda bildirib.
Ermənilərin Ukrayna ictimai-siyasi həyatında son vaxtlar aktiv olduğunu deyən səfir bildirib ki, onda olan məlumata görə, erməni diasporu artıq Ukraynada Azərbaycan diasporunun əvvəlki kimi güclü olmaması, pərakəndə olması barədə təbliğat aparır: “Ermənilərin azərbaycanlılardan aktiv olması bizim üçün bir siqnal olmalıdır. Azərbaycan diasporunun əvvəlki kimi güclü olmaması, dağınıq olması təbliğatı bizi narahat etməlidir və nəhayət birlik əldə olunmalıdır. Biz səfirlik olaraq bu yöndə istənilən dəstəyi verməyə hazırıq”.
Qeyd edək ki, forumun işi onlayn yayımlanır./apa/