Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev virtualaz.org saytına müsahibəsində birmənalı qarşılanmayan fikirlər işlədib.
Qazeta.info sözügedən müsahibədən maraqlı olan hissələrin çıxarışını təqdim edir.
– Ötən il malların rüsumsuz idxal limiti 1000 dollardan 300 dollara endirildi. Bu, ictimaiyyətdə narazılıq doğurdu. Həmin addım Azərbaycan iqtisadiyyatının inkişafına necə təsir göstərdi?
– Söhbət ilk növbədə Azərbaycan qanunvericiliyinin beynəlxalq qanunvericiliklə unifikasiyasından gedirdi. İstənilən mütərəqqi ölkədə poçt bağlamalarına limit var. Bir yerdə 25 avro, başqasında 100 və hətta 150 avro. Hər yerdə fiziki şəxslərin qeyri-kommersiya məqsədilə daşıdığı mallara limit mövcuddur. Unifikasiyadan əlavə, bizim ikinci məqsədimiz qeyri-bərabər rəqabət və kölgə iqtisadiyyatı ilə mübarizə idi. Bizim əlimizdə logistika şirkətlərinin, daha doğrusu işbazlar tərəfindən yaradılmış, 100-200, hətta 1000-2000 adamın cəlb olunduğu şəbəkələrin fəaliyyətinə dair danılmaz faktlar vardı. Bu şəbəkələrə daxil olan vətəndaşlar hamısı eyni vaxtda bağlamalar alırdı. Və artıq sabahısı gün həmin mallar piştaxtalara ötürülürdü. Həmin mallar şəxsi ehtiyaclar üçün deyildi.
Əgər bu prosesi dayandırmasaydıq, həmin şəbəkələr qar topası kimi böyüyəcəkdi. Əminəm ki, həmin şəbəkələrin hər biri on minlərlə vətəndaşa qədər genişlənəcəkdi. Məhz bu səbəbdən biz limiti 300 dolara endirdik və vətəndaşlar üçün bəyannamənin fərdi elektron sistemini yaratdıq. Yəni, siz ildə bir dəfə yox, istəsəniz hər ay şəxsi ehtiyaclarınız üçün elektron sistemi vasitəsilə 300 dollar məbləğində mal sifariş edə bilərsiniz. Məqsəd nə idi? Vətəndaş bəyannaməni şəxsən doldurmalı və gömrük orqanlarına təqdim etməlidir. Biz şəxsi istehlak mallarının sifarişinin və idxalının şəffaf prosesini yaratdıq, ölkəyə gömrük nəzarətindən kənar, qanunsuz mal daxil olması cəhdlərini tamamilə məhdudlaşdırdıq. Söhbət qeyri-bərabər və ədalətsiz rəqabətdən gedirdi. Hansısa şirkət ölkəyə mal daşıyırdı, artıq sabahısı gün logistika şirkətləri mütəşəkkil şəbəkənin köməyi ilə həmin malı gömrükdən keçmədən, rüsumsuz mal kimi gətirirdi. Biz bu qanunsuz fəaliyyəti dayandırdıq. Təsəvvür edin, məhz həmin şəbəkələrin köməyi ilə Azərbaycana 100 minə qədər mobil telefon daşınıb! Həmin şəbəkələr faktik qaçaqmalçılıqla məşğul olaraq leqal şirkətləri bazardan sıxışdırıb çıxarırdı.
Biz hazırda mükəmməl işləyən sistem yaratmışıq. Vətəndaş öz qadjetindən malı sifariş verir və sifariş onun ünvanına çatdırılır. Daha maraqlı nəticə: islahatdan əvvəl rüsumsuz idxalla 32 logistika şirkəti məşğul olurdu, bu gün həmin rəqəm 208-dir! Elektron alınmaların həcmi ildə 200 milyona yüksəlib. Əvvəllər elektron bəyannamələr yox idi, odur ki, bizdə hətta onlayn alınmaların statistikası aparılırdı.
– Hətta Milli Məclisin bəzi deputatları da limitin azaldılmasının əleyhinə çıxırdılar…
– Sizə səbəbi izah edim. Çünki Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus oldum. Əsl səbəbi anlaya bilmirdim. Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular.
Hər bir vətəndaş özü ilə 800 dollar gətirə və 300 dollar məbləğində poçt alınmaları edə bilər. Manat ekvivalentində bu, təqribən 2 min manatdır. Doğrudanmı vətəndaş hər ay 2 min manatlıq elektron alış-veriş edir? Əlbəttə, yox. Azərbaycanda minimal və orta əmək haqqını nəzərə alaraq ədalətli hədd müəyyənləşdirilib.