Suriya lideri Bəşər Əsəd ilk dəfə gücünün tükəndiyini etiraf edib. O, ölkəsinin 5 ilə yaxındır davam edən daxili savaşdan böyük ziyan çəkdiyini, artıq savaşı davam etdirmək gücü olmadığını deyib.
Bir il fasilədən sonra açıqlama verən Əsəd Suriya Ordusunun əsgər sayının əhəmiyyətli dərəcədə azaldığını deyib. O, buna görə də silahlı qüvvələrin daha çox önəm daşıyan bölgələrin müdafiəsini gücləndirəcəyini deyib.
Dövlət televiziyasında canlı yayımda çıxış edən prezident ölkəsində terroru yayn xarici qüvvələri qınayıb. "Özləri vuranda terrorçu deyirlər. Biz vuranda isə demokratiya, insan haqları deyirlər. İndi terror təşkilatını özləri vururlar. Amma terrorun toxumunu əkənlər onu necə yox edə bilərlər?".
B.Əsəd verdikləri dəstək üçün Rusiya, İran və Hizbullaha təşəkkür edib.
Suriya lideri Bəşər Əsəd açıqlama verir
Onun çıxışının ən diqqət çəkən hissəsi isə Suriya Ordusunun mövcud vəziyyəti ilə bağlı olub. 2011-ci ildən öncə 300 min əsgəri olan ölkənin hərbi potensizalı, canlı qüvvəsi əhəmiyyətli dərəcədə azalıb. “Suriyanın hər santimetr torpağı dəyərlidir. Ordumuzun əlində hər şey var. Amma canlı qüvvə sıxıntımız var. Bəzən müəyyən hallarda silahlı qüvvələrimiz önəmli ərazilərin müdafiəsi üçün, başqa ərazinin müdafiəsindən əl çəkməli olurlar. Mübarizə aparacağıq. Silahlı Qüvvələrimiz vətənimizi qoruyacaq qüvvədədir".
ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələri Suriya və İraqda İŞİD qüvvələrinə qarşı 33 hava hücumu həyata keçirib.
Suriya Ordusu aylar öncə ölkənin şərqi və şimalında 95 min kvadrat km-lik ərazidə nəzarəti itirib.
Xatırladaq ki, B.Əsəd bu açıqlamanı hərbi xidmətdən qaçanlara qarşı verilən əfv sərəncamından sonra verib. Əslində Suriyada hərbi hissədən qaçmağın cəzası ölümdür.
May ayında terrorçuların Palmira şəhərində nəzarəti ələ keçirməsindən sonra sayı azalan ordu qüvvələri adıçəkilən ərazinin müdafiəsindən geri çəkiliblər. Əsas diqqət isə Dəməşq, Hələb və Lazkiyə şəhərlərinin qorunmasına yönəldilib./anspress/