Rusiya hökuməti artıq bir ilə yaxındır ki, Ukrayna böhranı səbəbindən Qərbin ona qarşı tətbiq etdiyi sanksiyalara antisanksiyarla qarşılıq verir. Bəs, bu antisanksiyalar Rusiyanın özünə necə təsir edir? Rusiya yerli məhsullarla özünü təmin edə bilir?
ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiyanın antisanksiya tədbirləri olaraq Qərb ölkələrindən qida və kənd təssərrüfatı məhsullarının idxalına qoyduğu qadağa müddətini bir il daha uzatması vətəndaşlar tərəfindən heç də birmənalı qarşılanmadı.
Bəziləri bunun yerli istehsalın güclənməsinə təkan verəcəyinə inansa da, digərləri antisanksiyaların dükanlarda məhsul çeşitlərinin azalması və qiymət bahalaşmasına yol açmasından narahatdır.
Moskva sakini Andrey İsayevin sözlərinə görə, sanksiyalar yerli istehsalı dəstəkləmək baxımından çox faydalıdır: “Həm də bunu biz başlatmadıq. Bizi sevməyənlərin bizə qarşı tətbiq etdiyi sanksiyalara cavab verməliydik. Hökumətimiz doğru addım atdı”.
Moskva sakini Olqa Timofeyeva qadağan olunmuş məhsulların toplanaraq məhv edilməsinə qarşıdır, onları uşaq evlərinə və ehtiyacı olan insanlara vermək daha yaxşı olardı.
“Hökumətimiz antisanksiylarla səhfə yol verdi. Məncə belə radikal addımlarla gərginliyi artırmaq bizə daha çox ziyan vurur. Qərblə ortaq bir dil tapılmalı və bu gərginlik yumuşadılmalı idi. Onsuz da Donetsk və Luqansk kimi problemlərimiz vardı”, - deyə Moskva sakini Tatyana Alekseyeva bildirib.
Rusiya qida məhsulları ehtiyacının 35 faizini qərb ölkələrindən idxal hesabına qarşılayırdı.
Rus iqtisadçı-ekspert Vasiliy Koltaşev qərb məhsullarının idxalatını qadağa edən hökumətin yeni bazarlar tapmaq məcburiyyətində olduğunu deyir:
“Rusiya öz gücü ilə özünü daha öncə Avropadan idxal etdiyi məhsullarla tam olaraq təmin edə bilməz. Əvvəla ona görə ki, xüsusilə şəhər sakinlərinin zövq və tələbləri ciddi şəkildə dəyişib. Onlar Rusiya mövsüm şərtlərinə uymayan meyvə və tərəvəzləri daha çox tələb edirlər. Buna görə Rusiyanın yeni bazarlara ehtiyaci var. Bunların da başında Cənubi Afrika və Azərbaycan kimi ölkələr gəlir. Təsadüfi deyil ki, dükanlarımızda Azərbaycan məhsulları ciddi şəkildə artıb”.
Rus rublunun dəyər itirməsi və vətəndaşların gəlirlərindəki azalma əhali arasında narazı əhval-ruhiyyənin də artmasına səbəb olub.
Elə buna görə də, ölkə müxalifəti uzun yay fasiləsindən sonra 29 avqustan etibarən hökumətə qarşı etiraz aksiyalarına başlamağı planlaşdırır./anspress/