Rusiyanın "Lukoyl" şirkəti İrandakı ofisini yenidən bərpa edib.
Məlumata görə, bunu şirkətin vitse-prezidenti Ravil Maqanov bildirib.
O deyib ki, İrana qarşı sanksiyalar tamamilə qaldırıldıqdan sonra biz bu ölkədəki layihələrdə iştirakı səbirsizliklə gözləyirik: "Şirkətin əsas diqqəti "Anaran" layihəsinə yönəlib, amma biz digər layihələri də araşdıracağıq. "Lukoyl" və Norveçin "Statoil" şirkəti 2003-cü ildən bu yataqda işə başlayıb. Amma İrana qarşı beynəlxalq iqtisadi sanksiyalara görə şirkətlər 2011-ci ildə fəaliyyətlərini dayandırıb. İraqla sərhəd zonasında yerləşən bu yataqda təqribən 2 milyard barel neft ehtiyatı var".
Xatırladaq ki, aprelin 2-də İsveçrədə İranın nüvə proqramı ilə bağlı danışıqlarda Tehran və "Altılıq ölkələri - ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya - arasında çərçivə sazişi imzalanıb. Söhbət İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların ləğvindən gedir. Tərəflər iyunda yekun razılaşma əldə etmək qərarına gəliblər./anspress/